“Ağız, daha bundan artıq noolacaq, qohum-əqrəba içində məni rüsvayi-cahan eləmisən. Ölü yerinə gedə bilmirəm, diri yerinə gedə bilmirəm. Hamısı gəlinin qayınanaya qulluq eləməyindən danışır, mən kimdən əskiyəm? Bəlkə, ürəyindən keçir ki, qayınana sənə qulluq eləsin? Yox, mən sənin üçün o qayınanalardan deyiləm. Gəlin mənim süpürgəmdir. Harda qoydum, orda da durmalıdır. Mən bu evin yiyəsiyəm, ağasıyam, xanımıyam. Mənim bir sözüm iki olmamalıdır…”
Əminəm ki, “Qayınana” filmində xalq artisti Nəsibə Zeynalovanın dilindən səslənən bu məşhur frazanı oxuduqca qeyri-ixtiyarı dodağınız qaçacaq, üzünüzə təbəssüm qonacaq. Hətta nə qədər kefsiz olsanız da belə. “Allah sənə rəhmət eləsin, ay Nəsibə xanım” deyib köks də ötürəcəksiniz.
Gununsesi.info xəbər verir ki, bu gün Azərbaycan səhnəsinin kraliçası, milyonların sevimlisi Nəsibə Zeynalovanın doğum günüdür. Sağlığında ən səmimi müsahiblərimdən olan sevilən sənətkarımızı, heyf ki, bu gün onsuz xatırlayıram. Oturub xəyallar qururam, yəqin ki, sağ olsaydı, bir-iki gün qabaqdan sevimli nəvəsi Nəsibəyə sözün yaxşı mənasında minnətçi düşüb görüşmək istəyimi söyləyəcəkdim. Xeyli dil töküb onu yola gətirəcəkdim. Razılıq xəbərini alanda quş kimi Hökumət Evinin qarşısında köhnə Bakı univermağının yanında yerləşən evinə yollanacaqdım. Özünəməxsus Bakı ləhcəsiylə danışdığı müsahibəsini diktafonuma köçürüb, sevincək redaksiyaya qayıdacaqdım. Qayıdacaqdım nədir e, bu müsahibənin dadını çıxara-çıxara quş kimi uçacaqdım. Amma bu xəyalların heç vaxt gerçəkləşməyəcəyini də bilirəm. Və bildiyim üçün də qəhərlənirəm.
Bu gün kinomuzda, teatrımızda yerin görünür, Nəsibə xanım. Hər dəfə Musiqili teatra gedib, orda duzsuz tamaşalara baxıb rejissorun əvəzinə utanıb yerə girəndə, kinomuzda şit zarafatları eşidəndə, aktyorların güldürmək xatirinə üz-gözünü əyib əcaib formaya saldığını görəndə səni xatırlayırıq.
İnanmıram ki, indən belə ikinci bir Nəsibə Zeynalova doğulsun. Şablon da olsa söyləyəcəyəm, bəzən deyirlər ki, əvəzolunmaz insan, əvəzolunmaz sənətkar yoxdur. Vallah-billah var. Hələ görməmişəm ki, adı tarixə düşən, unudulmayan sənətkarların əvəzedicsi olsun. Kimisə yamsılamaq, hansısa sənətkarın ayaqqabısını geyinmək olar, amma inanın ki, o sənətkarın yerişini yerimək mümkünsüzdür.
Hərdən istəyirsən ürəkdən güləsən, problemlərini bir neçə saatlığa da olsa, unudasan. Gedirsən teatra, amma gülmək əvəzinə, əsəbilərini tarıma çəkib qayıdırsan. Xoşbəxt o tamaşaçıdır ki, zamanında Nəsibə Zeynalova kimi sənətkarı səhnədən canlı-canlı izləyərək yumorun dadını çıxarıb.
Allah telekanallarımıza insaf versin, barı tez-tez Nəsibə Zeynalova kimi sənətkarlarımızın lent yazılarını nümayiş etdirsinlər ki, onu səhnədən görüb izləməyənlər efirdə görüb tanısınlar. Yəqin ki, doğum günü ilə əlaqədar bir neçə saatlıq veriliş həsr edəcəklər, amma Nəsibə xanım bir neçə saatlıq proqrama sığışan aktrisa deyil axı. Nəsibə Zeynalova məkana və zamana sığışmayan sənətkardır. Nə xoşbəxt bizlərə ki, onun kimi sənətkarın müasiri olmuşuq.
Onun təqdimata ehtiyacı yoxdur. Amma gəlin həyat və yaradıcılıq yoluna da nəzər salaq.
Azərbaycan teatrsevərləri arasında “qayınana” kimi sevilən, milli Musiqili Komediya teatrının inkişafında müstəsna rol oynayan, qırx ildən çox işlədiyi sənət ocağının repertuar ağırlığını çiyinlərində daşıyan Nəsibə Zeynalova 1916-cı il aprelin 20-də Bakıda doğulub. Atası Kərbəlayı Cahangir tanınmış tacir və eyni zamanda aktyor idi. Azərbaycan milli realist aktyor məktəbinin banisi məhz Cahangir Zeynalov olub. Elə atasının ilk və yeganə övladına arzusu da bu olub ki, qızı onun sənətini davam etdirsin. Ancaq bu arzusunun gerçəkləşdiyini görmək ataya nəsib olmayıb.
Nəsibə xanımın yaratdığı Cənnət xala, Nargilə, Züleyxa rolları yumorun milliliyi, təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasında durur.
Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda çıxış edən Nəsibə Zeynalovanın kinomuzda Fatmanisə (“Ögey ana”), Telli (“Böyük dayaq”), Züleyxa (“Ulduz”), Cənnət xala (“Qaynana”), Gülsüm (“Molla Fətəlinin sərgüzəşti”), Əsli xala (“Bəyin oğurlanması”) rolları daha canlı və daha şöhrətlidir.
Gununsesi.info