
Azərbaycan şahmat millisinin üzvü Şəhriyar Məmmədyarovun televiziyaya müsahibəsində “Şahmatda qadın-kişi faktoru çox önəmlidir. Qadınlar kişilərdən çox zəifdirlər. Qadınlar kişilərdən hansı sənətdə üstündür ki?!” deməsi ona qarşı hücumlara səbəb olub.
Tanınmış şahmatçını dediklərinə görə linç edən sosial şəbəkə istifadəçiləri ondan üzrxahlıq tələb edir.
Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Qanunda verilən anlayışlar sırasında söhbət “cinsi mənsubiyyətə görə ayrı-seçkilik” anlayışından gedir.
Şahmatçımız isə öz müsahibəsində iddia etmir ki, qadındırsa, bu sahədə ola bilməz.
İnsan özünün keyfiyyətlərini, qabiliyyətini ortaya çıxararaq öndə gedəcəksə, onun kişi və qadın olmasının hər hansı bir fərqi yoxdur. Çünki, söhbət qadın və kişi olmasından asılı olmayaraq, bir insanın uğurundan gedir.

ELÇİN RÜSTƏMLİ: “Bizdə tanınmış biri gərək səhv eləməsin, etdisə, vay halına, gözünün yaşına baxmayacaqlar”
Jurnalist Elçin Rüstəmli Gununsesi.info-ya açıqlamasında Şəhriyar Məmmədyarovun bu fikirləri söyləyərkən, tənqid hədəfinə tuş gələcəyini düşünmədiyini deyib:
“Şəhriyar Məmmədyarov cəmiyyətdə sevilən, hörmət-izzət sahibi olan şahmatçımızdır. Buna arxayın olub düşündüyünü publika qarşısında dilinə gətirib.
Məsələ burasındadır ki, bizdə tanınmış biri gərək səhv eləməsin, etdisə, vay halına, gözünün yaşına baxmayacaqlar. Hətta gündə 3 dəfə arvad döyən kişilər də çomağı götürüb düşəcəklər onun üstünə. Mən hələ görmədim ki, bizim cəmiyyət hansısa dəyərlərə görə belə amansız münasibət olsun”.

PƏRVİZ HƏŞİMLİ: “Şəhriyarı ittiham edən xanımlar Azərbaycan nümayəndə heyətinin dövlətlərarası insan hüquqları təşkilatl olan AŞ PA-dan kənarlaşdırılanda susdular”
Gununsesi.info-nun baş redaktoru Pərviz Həşimli Şəhriyar Məmmədyarovun səmimi ortamda söylədiklərinə əslində gender bərabərliyi mövzusundan yanaşılmadığını deyib: “Şəhriyar sadəcə müşahidələrinə istinadən bu fikri söyləyib. O, müsahibəsində hətta şahmatda məğlub olduğu xanım haqqında da danışıb. Ancaq onu bu fikirlərinə görə linç edənlər heç də məsələyə gender bərabərliyi mövzusu kimi baxmır. Şəhriyar məşhurdur, bizim cəmiyyətdə də məşhur olmağın başqa bədəlləri olur.
Sosial şəbəkədə Şərhiyarı linç edənlərin əksəriyyəti media və QHT sektorunun xanımlarıdır. Ancaq bu xanımlar Azərbaycan nümayəndə heyəti dövlətlərarası insan hüquqları təşkilatı olan AŞ PA-dan kənarlaşdırılanda susdular. Əgər söhbət insan haqlarından, qadın hüquqlarından gedirsə, o zaman buna görə də mövqe ifadə etməli idilər”.
Pərviz Həşimli deyir ki, Azərbaycan cəmiyyətinin sosial həyatında balansın pozulması, insanların həyat tərzindəki kəskin fərq ölkədə imkanlı insanlara qarşı nifrətə səbəb olur: “Məsələn varlı bir adamın ailəsində faciə olanda, ağır xəstəliyə düçar olanda buna sevinənlər olur. Təbii ki, bu başqa mövzunun müzakirəsinə aiddir. Amma biz real həyatda bunun şahidiyik. Şəhriyara münasibət həm də bundan qaynaqlanır”.
FUAD BƏŞİROV: “Gender bərabərliyi isə ədalət prinsipi ilə ələ alınmalıdır”

Tanınmış psixiatr uzman doktor Fuad Bəşirovun isə məsələyə münasibəti belə olub:
Bərabərlik demişkən, bütün kişilər bir birinə, və qadınlar da eyni zamanda bir birinə bərabər olmadığı kimi, kişilərlə qadınlar da bir birinə bərabər deyil. Hər insan fərqli xüsusiyyətlərini inkişaf etdirə, önə çıxa bilər. Gender bərabərliyi isə ədalət prinsipi ilə ələ alınmalıdır. Min illərdir genetikada formalaşan fərqli xüsusiyyətləri bugün hər hansı bir kod altında bərabərliyə salmaq insan təbiətinə ziddir.

Günay Mahirqızı
Gununsesi.info