Şəhriyarın daha bir uğuru – MEDİA NİYƏ ONU GÖRMƏZDƏN GƏLDİ?

Bir il öncə Şəhriyar Məmmədyarov tarixi nailiyyətə imza ataraq 2800 reytinq balını keçən 13-cü şahmatçı oldu.

Gununsesi.info bildirir ki, media bu xəbəri yalnız verməklə kifayətləndi, əlavə xüsusi bir ajiotaj hiss olunmadı. Halbuki hansısa bir düşük şou-biznes xəbəri olsaydı (məsələn, filan müğənni toy qiymətini qaldırdı, yaxud filan meyxanaçı ölməzdən öncə qəbrini qazdırıb başdaşını da hazırlayıb) palaz-palaz müsahibələr alar, foto-illüstrasiyalar verərdilər.

Bu yaxınlarda Şəhriyar daha bir uğura imza atıb. İsveçrənin Bile şəhərində keçirilən superturnirdə birinci yeri tutub. O hazırkı dünya çempionu Maqnus Karlsenə qalib gəlməklə Mixail Çiqorin klubuna (dünya çempionu adını daşıyan şəxsə klassik vaxtla keçirilən oyunda qalib gələnlər klubu) üzv olub, reytinq balını 2817-yə qaldıraraq bu göstərici üzrə dünyada 3-cü yerə qalxıb. Şəhriyar Məmmədyarovu hazırda ən uğurlu azərbaycanlı hesab etmək olar.

Lakin hətta son uğuru barədə google-da axtarış verəndə rus dilində informasiyalar Azərbaycan dilindəkindən qat-qat çox çıxır.

Günay
Gununsesi.info