Səid Dadaşbəyli 11-ci doğum gününü də həbsdə qarşıladı - ELDAR MAHMUDOVUN MƏNTİQİNƏ GÖRƏ, O, HƏM VƏHHABİ, HƏM ŞİƏ, HƏM DƏ XRİSTİANDIR...

  • By admin
  • 01 Oktyabr 2017 11:50

seid

Bu gün ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin qurama, saxta ittihamları ilə həbs edilmiş Səid Dadaşbəylinin doğum günüdür.  Gununsesi.info xatırladır ki, 11 ildir günahsız həbs həyatı yaşayan Səid və onunla birgə həbs edilənlər Eldar Mahmudovun növbəti cinayətlərindən birinin qurbanı kimi tanınır.

Səid Dadaşbəylinin hüquqlarına hər zaman dəstəyi ilə tanınan jurnalist Natiq Cavadlı isə özünün sosial şəbəkədəki səhifəsində maraqlı status yazıb.

Jurnalist yazır: 

Bu gün Səid Dadaşbəylinin doğum günüdür. 10 ildən çoxdur həbsxanadadır, bu illərdə anasını itirdi, amma yasına da buraxmadılar.
Ona qarşı ittihamı oxuduqca acı-acı gülürsən.
Eldar Mahmudov MTN-nin 2007-ci ildə quraşdırdığı ittihama görə, Səid həm vəhhabidir, həm şiədir, həm xristian təriqətçisi, nəhayət, masondur.
S.Dadaşbəyli və dostlarına hökmü Ənvər Seyidov oxuyub, valideynlərinə də deyib ki, məndən olsa, bu uşaqların hərəsinə 1 sillə vurub evlərinə buraxardım, amma neyniyim ki, tapşırıq var.
Bəli, ispan, ingilis, rus, norveç dillərində səlis danışan S.Dadaşbəyli kimi gənclərin ömrü beləcə puç edilir.

Səidin həyat yoldaşı İlhamə Dadaşbəyli isə Gununsesi.info-ya açıqlamasında bildirib ki, MTN olaylarından sonra həyat yoldaşının azadlığa çıxacağını gözləsə də bu ümidləri puça çıxıb: “Səid həbs ediləndə uşaqlar körpə idi. Amma indi böyüyüblər. Uşaqlıq illəri atasız keçdi. Biz dövlətdən ədalət gözləsək də onu görmədik”.