“Şəkidə abidədən sikkələr oğurlayanlar oranı qazıb, ərazini dağıdıblar, nəticədə abidənin bütövlüyü pozulub”.
Gununsesi.info xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin rəisi Fariz Cəlilov deyib.
O qeyd edib ki, Şəkidə VII əsrə aid gümüş sikkələri satmaq istəyən şəxsin əlbir olduğu adamlar var:
“Güman ki, bu cinayət əməli qəsdən və planlaşdırılmış şəkildə törədilib. Hər halda, cinayət işi yekunlaşana qədər dəqiq bir söz demək mümkün deyil. Hüquq-mühafizə orqanları məsələni araşdırır”.
F.Cəlilov abidənin mühafizəsi ilə bağlı məsələyə də aydınlıq gətirib: “Təkcə Qəbələ Regional İdarəsinə 14 rayon tabedir. Həmin 4 rayonda 1000 abidə var. O abidələrin hər birinə daimi mühafizəçi nəzarəti qeyri-mümkündür. Lakin xüsusi şəxslər var ki, ay ərzində beş-altı dəfə əraziyə baş çəkib abidənin vəziyyəti barədə qeydiyyat aparırlar”.
Qeyd edək ki, Şəkidə VII əsrə aid gümüş sikkələri satmaq istəyən şəxs saxlanılıb. Ondan 73 ədəd sikkə götürülərək müvafiq ekspertizalara təqdim olunub.
Gununsesi.info