Şəkini yenə sel basdı

  • By admin
  • 23 İyul 2016 17:30

saki

 

İyulun 23-də gecə saatlarında Şəkinin dağlıq ərazisinə fasiləsiz yağan güclü leysan nəticəsində Kiş çayında baş verən sel müəyyən fəsadlara səbəb olub.

Gununsesi.info-nun məlumatına görə, şəhər icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, güclü sel bu ərazidə iyulun 2-də baş vermiş təbii fəlakət nəticəsində dağılmış körpünün yanında suötürücü dəmir-beton və metal borularla salınan müvəqqəti alternativ yolu, həmçinin Kiş kəndinin şimal hissəsində yerləşən istirahət mərkəzlərinə gedən körpüləri, Baş Küngüt kəndində sərhəd zastavasına gedən yolu və məktəb yolunun üstündəki körpünü dağıdıb. “Marxal” sanatoriya istirahət kompleksinə gedən yola yaxınlıqdakı dağlıq ərazidən sel gəlməsi nəticəsində yol kənarları bərbad hala düşüb. Eyni zamanda, “Çınqıllı dərə” adlanan ərazidə torpaq sürüşməsi təhlükəsi yaranıb.

Təbii fəlakət nəticəsində Kiş kəndinə gedən qaz borusu, Kiş və Oxud kəndlərinin su xətləri, şəhərin M.Ə.Rəsulzadə prospektində kanalizasiya xətti, şəhərə gələn su xətti sıradan çıxıb. Şəki su elektrik stansiyasının balansında olan 60 metr uzunluğunda su kanalı lil qatı ilə örtülüb.

Güclü leysan nəticəsində bəzi kəndlərdə fərdi təsərrüfat sahələrinə, kəndarası yollara ziyan dəyib, Qudula kəndindəki körpü zədələnib. Hazırda selin fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir. Kiş kəndi əhalisinin alternativ Oxud yolu ilə Şəki şəhərinə gediş-gəlişi təmin edilib.

Gununsesi.info