Sələmçiliyin hüquqi mahiyyəti nədən ibarətdir? – HÜQUQŞÜNAS ŞƏRHİ

Son zamanlar “sələmçilik” məsələləri ilə bağlı narazılıqlar sosial şəbəkələrdə geniş yer almaqdadırlar.

Lakin bu fenomen hətta anlayış səviyyəsində müəyənləşdirilməmişdir, yəni bu anlayışın məzmununa daxil olan əhəmiyyətli elementlərin dairəsi müəyyən edilməmişdir.

Bunsuz sələmçiliyin hüquqi mahiyyətini müəyənləşdirmək mümkün deyil. Məhz bunun səbəbidir ki, məhkəmələr (eləcə də ibtidai istintaq, prokurorluq orqanları) kifayət qədər ictimai təhlükəli və bir çox qanunlara zidd olan əməllərin araşdırılmasına həddən artıq ehtiyatla yanaşırlar.

Hərçənd, sələmçilikdə Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə nəzərdə tutulmuş “dələduzluq” (etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə), 192-ci maddəsi ilə nəzərdə tutulmuş “qanunsuz sahibkarlıq” (Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma), 193-1-ci maddəsində nəzərdə tutulmuş “cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma” və s. kimi cinayətlərin əlamətlərinin olmasını görməmək mümkün deyildir.
Yayılan məlumatlardan görünür ki, sələmçilik aldatma əqdləri ilə sənədləşdirilir.

Yəni, faktiki borc və girov müqavilələri ilə rəsmiləşdirilməli olan münasibət formal olaraq notariatda “alqı-satqı” müqaviləsi ilə sənədləşdirilir. Borc alanlara imzaladıqları sənədin hüquqi mahiyyəti izah edilmir. Maraqlıdır ki, notariusların istifadə etdikləri “alqı-satqı müqaviləsi” formasında (blanklarda) əqdlərin etibarlılığına dair heç bir izah müddəası yoxdur. Lakin bunun əvəzində vergi, sığorta və s. qanunvericiliynə dair normalar yer alır.

Onların məzmunu ilə peşəkar hüquqşünasın sadəcə olaraq tanış olması üçün ən azı bir saat vaxt tələb edilir. Bir neçə dəqiqə ilə ölçülən şəxsin (sələm alanın) bu normalarla tanış olmaları, mahiyyətlərinin başa düşülməsi ağlasığmazdır. Lazımsız normalara bu qədər yer (vaxt), lazım olan normaların isə ümumiyyətlə olmaması bu blankları mənasız edir.

Aldadılan şəxslər (sələm alanlar) hüquqlarını müdafiə etmək üçün məhkəmələrə baş vuranda bu məsələ, yəni sələm alanın aldadılması, borc və girov müqavilələri əvəzinə alqı-satqı müqaviləsini imzalamağa “məcbur” edilməsi, bir qayda olaraq, araşdırma predmeti olmur. Belə məhkəmə qərarlarına, yəni sələm müqavilələrinin şəxsin aldadılması hesabına bağlanmasını təsdiq edən məhkəmə qərarlarına rast gəlmək mümkün deyil.

Hərçənd, aldatma əlamətləri açıq-aşkar görünürlər. Məsələn, görürsən ki, 700 min manat dəyərində olan mənzil 100 min manata (ağlını hələ tam itirməmiş) sələm alan tərəfindən sələm verənə satılıb. Bunları notarius da, hakimlər də, prokurorlar da, istintaqçılar da, vəkillər də görürlər. Lakin həqiqət ortaya çıxarılmır.

Yəni, məhkəmələr (eləcə də sadalanan qurum və vəzifəli şəxslər tərəfindən) Konstitusiyanın 125-ci maddəsinin VII hissəsinin “məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” prinsipi təmin edilmir.
Məhkəmələr sələm işləri ilə bağlı, bir qayda olaraq, alqı-satqı müqavilələrinin etibarlılığını yoxlamırlar (bu əqdin aldatma nəticəsində bağlanmasını müəyyən etmək məqsədi ilə).

Baxmayaraq ki, qanun norması, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi bunu tələb edir. Müxtəlif bəhanələr gətirilir. Məsələn, prosessual müddətlərin ötürülməsi bəhanə göstərilir. Hərçənd, buna heç ehtiyac da olmur (çünki, bunu avtomatik olaraq etməyi qanun norması tələb edir). Bir çox hallarda heç “bəhanə” də gətirilmir, sadəcə olaraq əqdlərin etibarlılığı “yada salınmır”.

Sələmçilik o qədər mürəkkəb iqtisadi və hüquqi problemdir ki, onun mahiyyətini qısa yazı ilə əhatə etmək mümkün deyildir. Fikrimizcə, Elmi-məsləhət Şurası, ən əsası isə Ali Məhkəmənin Plenumu sələmçilik məsələsinə dair ciddi sənədlər qəbul etməlidirlər.

 

 

Nazir Bayramov

Hüquqşünas

Gununsesi.info