Səlim Müslümov şəhid ailələrinin adından da pul mənimsəyib 

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəməsi keçirilib.

Gununsesi.info xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda ittiham aktının elanı davam etdirilib.

HTML tutorial

Bakı Ağır Cinayətlər Məhkəməsində məlum olub ki, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirliyin aparat rəhbəri Əjdər Cəbiyev (Əjdər Ol) və digərləri ilə əlbir olaraq öz qulluq mənafeyindən istifadə edib.

Gununsesi.info ittiham aktına istinadən bildirir ki, Tovuz rayonunda şəhid ailələrinə evlərin tikilməsi üçün dövlət büdcəsindən ayrılmış 7 milyon manatın bir qismini adıçəkilən şəxslə mənimsəyib.

Belə ki, həmin evlərin bir çoxunun tikintisi üçün tender elan olunub, qalib gəlmiş şirkətlərin hesabına dövlət büdcəsindən vəsait ayrılıb. Sabiq nazirin himayədarlığı ilə “Nicat” MMC və “Real H” MMC-lər tenderlərdə qalib gəliblər, bununla da həmin MMC-lərin rəhbərlərindən rüşvət alınıb. Səlim Müslümov bu kimi vasitələrlə rüşvət yolu ilə 13 milyon manat dövlət vəsaitini ələ keçirib.

Bütün bu əməllərə görə, S.Müslümova Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham olunub.

Qeyd edək ki, iş üzrə ümumilikdə dövlətə vurulan 27 milyon manat ziyanın 20 milyon manatı Maliyyə Nazirliyinin depozit hesabına ödənilib.

Proses sentyabrın 5-də davam etdiriləcək.

Xatırladaq ki, S. Müslümov 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. Səhhətində yaranan problemlərə görə əvvəlcə müalicə müəssisəsinə, daha sonra ev dustaqlığına buraxılıb.

Gununsesi.info