Səməd Seyidov: “ABŞ münaqişənin sülh yolu ilə tənzimlənməsində maraqlıdır”

  • By arzu
  • 15 May 2020 18:10

Azərbaycan-Amerika münasibətləri həmişə yüksək səviyyədə olub”.

Gununsesi.org xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri və Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov deyib.

Onun sözlərinə görə, Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri Amerika Birləşmiş Ştatları olub: “Bu səbəbdən də Donald Trampın 28 may – Respublika günü münasibətilə Azərbaycanı ilk təbrik edən dövlət başçılarından olması heç də təsadüfi deyil. Məktubda yer alan üç əsas fikri xüsusi qeyd etmək istərdim. Birincisi, ABŞ-ın Azərbaycanın suverenliyini və müstəqilliyini tanıyaraq güclü şəkildə dəstəkləməsi fikridir. Bu, bir daha dünyanın aparıcı ölkəsi olan ABŞ tərəfindən Azərbaycanın ərazi bütövlüyünə, onun beynəlxalq qanun tərəfindən tanınmış sərhədlərinə göstərilən yüksək səviyyəli hörmətdir. Bu, Dağlıq Qarabağ və ətraf 7 rayonun erməni işğalı altında olan, 1 milyona yaxın qaçqın və məcburi köçkünün olduğu Azərbaycan üçün çox vacib məqamdır”.

“İkincisi, Amerika Birləşmiş Ştatlarının Azərbaycanla iqtisadi münasibətlərinin, enerji layihələrinin xüsusilə önə çəkilərək yüksək səviyyədə qiymətləndirilməsi çox vacib bir məsələdir. Bu sahələrdə Azərbaycan ilə 30 ildən çox əməkdaşlıq etmiş ABŞ-ın ölkəmizin Avropa və dünya üçün enerji sahəsində gördüyü işlərin yüksək səviyyədə qiymətləndirməsi öz-özlüyündə böyük bir əhəmiyyət kəsb edir. Burada xüsusilə bir məqama da diqqət yetirmək lazımdır ki, bu müddət ərzində həmin layihələrdən istifadə edərək Azərbaycan xalqının rifahı naminə görülən bütün işlər Amerika tərəfindən həm təsdiqlənir, həm də bəyənilir. Azərbaycan Respublikasının apardığı daxili və xarici siyasət dünyanın ən böyük ölkəsi tərəfindən xüsusi rəğbətlə qarşılanmışdır. Azərbaycanın bu çətin pandemiya dövründə insanlara yardım istiqamətində gördüyü işlər də qeyd olunmuşdur.

Nəhayət üçüncü məsələ – ABŞ Minsk qrupunun həmsədridir və həmsədr kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsində maraqlıdır. Məktubda bu danışıqların məhz Minsk qrupu formatında aparılması, bu istiqamətdə səylərin göstərilməsi bizim üçün çox əhəmiyyətli və vacibdir. Ümumiyyətlə qeyd etməliyəm ki, son zamanlar Azərbaycanın milli maraqlarını əks etdirən məsələlər, yəni ərazi bütövlüyünün dəstəklənməsi, danışıqların mövcud formatda aparılması, beynəlxalq qanunun regionumuzda bərpası, dünyanın aparıcı gücləri tərəfindən öz təsdiqini tapır. Bir neçə gün əvvəl Avropa İttifaqının qərarı, bu günlərdə ABŞ prezidentinin məktubu buna əyani sübutdur” –  S.Seyidov bildirib.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp ölkə başçısı İlham Əliyevə 28 May – Respublika günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Gununsesi.org