Səməd Seyidov Norveç səfiri ilə görüşdü

Dekabrın 16-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Norveç Krallığının Azərbaycandakı səfiri Erlinq Sönsberq ilə görüşüb.

Bu barədə Gununsesi.info-ya Milli Məclisdən məlumat verilib.

HTML tutorial

Səməd Seyidov səfiri salamlayaraq ölkələrimiz arasında əlaqələrin mövcud vəziyyətindən danışıb. İki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq əlaqələrindən söz acıb.

Komitə sədri Milli Məclisin fəaliyyəti barədə qonağa məlumat verib. İki ölkənin parlamentləri arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edən Səməd Seyidov ölkəmizdə bütün sahələrdə həyata keçirilən islahatlardan, bu islahatların hüquqi bazasını təşkil edən qanunvericiliyin təkmilləşdirilməsindən bəhs edib.

Söhbətdə komitə sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hazırda Brüsseldə rəsmi səfərdə olduğunu, bir sıra yüksək səviyyəli görüşlər keçirdiyini vurğulayıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin NATO-nun Baş katibi Yens Stoltenberq və Fransa Prezidenti Emmanuel Makronla keçirdiyi görüşlərin əhəmiyyətindən söhbət açıb. Səməd Seyidov qeyd edib ki, Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla birgə görüşündə kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi geniş müzakirə olunub.

Səməd Seyidov 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızı öz gücümüzlə azad etdiyimizi qeyd edib və bunun nəticəsində regionda yeni reallığın yaranmasından danışıb. O, hazırda işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən bərpa və quruculuq işlərindən söhbət açıb.

Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya proseslərinin həyata keçirilməsinə toxunan Səməd Seyidov bildirib ki, bütün kommunikasiya yollarının açılması üçün sülh müqaviləsinin imzalanması vacibdir.

Görüşdə Norveçin Azərbaycandakı səfiri Erlinq Sönsberq Prezident İlham Əliyev və NATO-nun Baş katibi arasında görüşün məhsuldar keçdiyini bildirib. Brüsseldə üçtərəfli görüşün əhəmiyyətindən söz açıb. O, həmçinin Türkiyənin Ermənistanla münasibətləri bərpa etməsi üçün təyin olunan xüsusi nümayəndənin fəaliyyətinin vacibliyini qeyd edib. Diplomat ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığa önəm verdiyini vurğulayıb.

Söhbət zamanı müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi, parlamentlərarası əməkdaşlığın perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Gununsesi.info