Şəmkirdə polisə bıçaqlı hücum

Noyabrın 6-da axşam saatlarında Şəmkir rayonunun Çinarlı kəndi ərazisində hərəkətdə olan VAZ – 2106 markalı avtomobildə işıq cihazlarının istifadə qaydasının pozulmasına görə Baş Dövlət Yol Polisi İdarəsinin 9-cu tağımının əməkdaşları tərəfindən sürücüyə saxla işarəsi verilib.

Gununsesi.info-nun xəbərinə görə, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, yol polisi sürücüyə yaxınlaşaraq, özünü təqdim edib, saxlama səbəbini izah edərkən, sürücünün spirtli içkinin təsiri altında avtomobil idarə etməsi barədə əsaslı şübhələr yaranıb.

HTML tutorial

Polis əməkdaşının müvafiq sənədləri və həkim müayinəsi tələbinə tabe olmayan Şəmkir rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Hüseynov özünəməxsus cib bıçağı ilə polis əməkdaşına xəsarət yetirməyə çalışıb. Aparılan profilaktiki söhbət fayda vermədiyindən polis əməkdaşı tərəfindən havaya xəbərdarlıq atəşi açıldıqdan sonra sürücü tərki silah edilərək saxlanılıb və Şəmkir rayon Polis Şöbəsinə təhvil verilib.

Fakla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Gununsesi.info