Dörd il əvvəl “Eurovision” mahnı müsabiqəsində Azərbaycanı təmsil etmiş Səmra Rəhimli sosial şəbəkədəki statusları ilə diqqət çəkib.
Gununsesi.org xəbər verir ki, gənc ifaçı 2016-cı ildə “Səs Azərbaycan”da birgə yarışdığı, “Eurovision-2020” iştirakçısı Samirə Əfəndiyə “Instagram”da söz atıb. O, 2018-ci ildə “Jara” musiqi festivalında istifadə etdiyi obrazdakı şəklini paylaşaraq, “hərdən dəbi dəyişirəm, dəb də sizi dəyişir” şərhini yazıb.
Bununla da, Səmra həmkarının “Kleopatra” klipindəki obrazının ondan götürüldüyünü iddia edib. Rəhimli, diqqəti xüsusilə özəl çəkmələrə yönləndirməyə çalışıb.
Bundan əlavə, Səmra Samirənin “Kleopatra” adlı mahnı oxuyacağı ilə bağlı şayiələr yayıldıqdan qısa müddət sonra “Instagram”da video paylaşaraq, 2019-cu ildə həmin adda nəğmə ifa etdiyini, lakin onun hələ işıq üzü görmədiyini bildirib.
Qeyd edək ki, Samirə və Səmra arasında soyuqluq “Səs Azərbaycan” layihəsində başlayıb. Finala qalan hər iki xanım böyük qalmaqal yaşayaraq münasibətlərinə nöqtə qoyub.