Şəmşir ocağının iki şərarəsi

  • By admin
  • 14 Fevral 2017 17:55

asiqsemsir

Bəşər övladı bu dünyaya gələndən həmişə əbədilik arzusunda, axtarışında olub. Gah dirilik suyundan imdad diləyib, gah da sehrdə, əfsunda nicat axtarıb. Və nəhayət, bu “ölümlü-itimli dünyada” cismən əbədiliyin namümkün olduğunu dərk etsə də, yenə ümidini üzməyib, ölümsüzlük xəzinəsinin qapısının açarının SÖZ olduğunu kəşf edib.

Bu gün, XXI əsrdə, dünyanın informasiya baxımından çox kiçildiyi, qloballaşmanın gündəmdən düşmədiyi, mədəniyyətlərin inteqrasiyası, yaxınlaşması və dialoqu kimi məsələlərin prioritet olduğu bir zamanda sözün gücünün, bəzən ən qüdrətli sərkərdələrin, ən müasir silahların belə, zamanında və yerində deyilmiş, məharətlə işlədilmiş söz qarşısında acizliyinin şahidi oluruq.

Minillər boyunca bəşəriyyətin yaratdığı maddi-mənəvi sərvətlər sırasında ən davamlı və etibarlısı da məhz söz olub, dəyişən zamanın təzyiqlərinə sinə gərməyi bacaran ən qiymətli dəyərlərimiz də sözdə əbədiləşib.

Nəsillər yetirib, yaşadıb söz sənəti. Bu zəngin və qədim mədəniyyətə malik ədəbiyyat fonunda ayrıca götürülmüş hər hansı bir şairin yaradıcılığı damlanın dənizə nisbətində görünsə də, unutmaq olmaz ki, bu kiçik damlalar olmadan dəniz də yaranmaz. Digər tərəfdən, hər bir şair öz dövrünün oğlu olsa da, sələflərinin varisi və tarixin yetişdirməsidir. Bu varislik borcu “şairlik və zaman” kimi olduqca mürəkkəb və çətin, çox sənətkar çiyinlərinin tab gətirməyəcəyi qədər ağır, eyni zamanda, şərəfli bir missiya ilə birləşdikdə tarixin ayrı-ayrı zaman və nəsil kəsimləri arasındakı əlaqələr, “körpülər” daha möhkəm və sıx olur. Məhz elə buna görədir ki, hər bir bədii yaradıcılıq  əlahiddə götürülmüş halda deyil, “sələflər və xələflər” prizmasından öyrənilib dəyərləndiriləndə daha ədalətli qiymətini alır. Əsrlərdir Azərbaycan bədii düşüncə xəzinəsinin açarı, onun ən qiymətli inciləri sələflərdən xələflərə bir əmanət kimi tapşırılıb, qorunub saxlanılıb, fikir, ideya, poetik gözəlliklər baxımından daha da zənginləşdirilib, təkcə bədii sənət nümunəsi olmaqla qalmayıb, milli-mental dəyərlərimizin, mənəvi varlığımızın rəmzi sayılan, xalqımıza xas özəl keyfiyyətlərin daşıyıcısına çevrilib, gen yaddaşımızın ilmələrinin canlanmasında, oyanmasında əvəzsiz istinadgah olub. Bu münasibət və xüsusiyyətləri, ümumiyyətlə, bir ədəbiyyatın ayrı-ayrı nəsilləri arasında da görmək mümkündür, eyni zamanda bir ocağın, bir nəsil şəcərəsinə məxsus şair-sənətkarlar arasında da müşahidə etmək olur. Ədəbiyyat tariximiz atanın şeir-sənət yolunu davam etdirən onlarla qələm sahibi tanıyır. Elə bunun ən gözəl nümunəsi Gəncəli Nizaminin oğlu Məhəmməddir ki, hələ gənc yaşlarından dahi şairin qiymətləndirdiyi, hətta məsləhətini dinlədiyi qələm sahibi kimi tanınmışdır.

Müasir Azərbaycan ədəbiyyatında nəslin söz estafetini baba-ata və nəvə ardıcıllığı ilə qəbul edən şairlər ailəsinin ən seçilən nümunəsi Aşıq Şəmşir ocağı və onun iki şərarəsi – aşığın oğlu Qənbər Şəmşiroğlu və nəvəsi Cavid Qənbəroğludur. Həm oğulun, həm də nəvənin yaradıcılığında ustad Aşıq Şəmşirin ruhu duyulur, təsiri hiss olunur. Xalq hikmətindən, aşıq poeziyasından süzülüb gələn təbiət gözəlliklərinin heyranlıqla təsviri, sevgi hisslərinin təmiz, sadə xalq danışıq dili ilə ifadəsi, öyüd-nə
sihətlə dolu ibrətamiz deyimlər və s. bu təsirin inkarolunmaz təzahürüdür. Onlar özləri də bunu qürur hissi ilə etiraf edirlər. Cavid Qənbəroğlunun aşağıdakı bəndi də bu duyğulardan yaranıb:

cavid qember

Sənətlə qazandın şanı, şöhrəti,
Sənə sərvət oldu xalq məhəbbəti.
Mən səndən öyrəndim şeiri-sənəti,
Hər kəlmə başında gəlirsən, baba.

Söz sənətkarını yaşadan ədəbiyyatın özünün əbədi mövzularıdır. Heç bir zaman və məkan, dil və din tanımayan əbədi mövzular… Yarandığı dövrdən hikmət və mərifət, fəlsəfi fikir xəzinəsi olan, əsas amal və qayəsi insanı daxili-mənəvi kamilliyə yüksəltmək olan Azərbaycan ədəbiyyatı ta əzəldən xeyirlə şərin, işıqla qaranlığın, nurla zülmətin və bunların fonunda iki dünyanın mübarizə meydanı olmuş, bu meydanı idarə edən hakim-şairlər isə acılı-şirinli həyatın təzadlı olaylarını sözün poetik “güzgüsündə” əks etdirərək, həyat həqiqətini ustalıqla bədii həqiqətə çevirərək  ədalətin zəfər çalması üçün qələm çalmışlar. Bu mənada Azərbaycan ədəbiyyatı təkcə bədii düşüncənin deyil, həm də fəlsəfi fikrin əsas təzahür və ifadə vasitəsidir. Qənbər Şəmşiroğlunun yaradıcılığında didaktik motivlərin üstünlüyü də Azərbaycan aşıq poeziyasının mayasına hopmuş tərbiyəvi, əxlaqi keyfiyyətlərin aşılanmasından irəli gəlir:

Babalar deyibdi uludan-ulu:
Dovşana vursan da götürməz çulu.
Çox igidlər olub dilinin qulu,
Olarsan bir fəqir kölə, heyifsən.
…Yaxşı seç sadiqi, dostu satanı,
Ya ara qatanı, ya züy tutanı.
Şahmar kimi yol üstündə yatanı,
Özünü verərsən yelə, heyifsən.

Bütün zamanlarda öz cəlbediciliyini saxlayan sevgi mövzusu – vətənə, torpağa, müqəddəs ideallara məhəbbət “ruhunda Allah eşqi olan” Şəmşir ocağının övladlarının da poeziyasından qırmızı xətlə keçir. Təsadüfi deyil ki, Füzuli Ramazanoğlu Qənbər Şəmşiroğlunun poeziyasından bəhs edərkən yazır: “Qənbər Şəmşiroğlu deyəndə ilk öncə gözlərimiz önünə başı qarlı uca dağlarımız, sinəsi sevgi dolu abır-ismət rəmzi olan qız-gəlinlərimiz, yamacını gül-çiçək bəzəyən çəmənlərimiz, laləli düzlərimiz, gözəllik tacı sayılan zümrüd meşələrimiz, yerin təkindən qaynayan dişgöynədən buz bulaqlarımız, yaraşıqlı gəlin hörüklərini xatırladan gur şəlalələrimiz və başqa adlarını saymaqla bitməyən mənzərələrimiz canlanır”.
Cavid Qənbəroğlu isə yazır:

Bir ürək istəyirəm –
oduna, alovuna
el-obası qızınsın.
Bir ürək istəyirəm –
axsa, tökülsə qanı,
yerdə “Vətən” yazılsın!

Doğma diyarın, milli dəyərlərin, adət-ənənələrin məhrəmliyi, insanın qanına, ruhuna hopması qürbət diyarda özünü daha çox büruzə verən duyğudur. Cavid Qənbəroğlunun “Özgə torpağında”, “Bəlkə” və başqa şeirlərində bunun aydın ifadəsini görürük:

Çaldılar, eşitdim balalaykada,
İstədim könlümü ala, oynada.
İnanın, kəşf etdim mən bu dünyada –
Doyam öz xalqımın sazıyla bəlkə.

Cavid Qənbəroğlu şeirlərinin əhvali-ruhiyyəsi monoton deyildir. Burada həyatı sevən, onun gözəlliklərinə vurğun olan və bundan zövq alan bir insanın ürək çırpıntıları aydın hiss olunur. O, sevginin gücünə inanır, bəqaya-əbədiliyə gedən yolun ondan keçdiyini dərk edir:

İnsanlığın günəşidir
Nur gətirən ulu sevgi.
Ölməzliyə qovuşmağın
Nərdivanı, yolu – sevgi.

Tanrı tərəfindən qəlbinə “sevmək” kimi ən ülvi hiss bəxş olunan insan bu gün də əsrlərlə əvvəl yaşanmış, yazılmış eşq duyğularını eyni həyəcan və zövqlə yaşayır, oxuyur. Yüzillər keçsə də, gözəllik, əxlaq, davranış və sairənin ölçüləri dəyişsə də, aşiqlər yenə sevir, hicran dərdi çəkir və vəfasızlıqdan gileylənirlər. Yəhya Kamalın sözləri ilə d
esək, “şeirdə dil, zövq, fikir, məzmun – hər şey köhnələ bilər, yalnız eşq köhnəlməz, həmişə təzədir”. Cavidin lirikasında da klassik poeziyamızdan üzü bəri bütün zamanlarda şeirimizin başlıca mövzularından olan hicran dərdi, vüsal həsrəti də özünün kövrək ifadəsini tapmışdır:

asiq

Yazan belə yazdı, pozusu varmı?
Sən mənim yoluma çıxmamalıydın.
Kiminsə könlünə bər-bəzək vurub,
Mənim ürəyimi yıxmamalıydın.

Ümumiyyətlə, hər bir şərqli təfəkkür və düşüncəsində möhtəşəm bir abidənin əksi var. Bu, eşq və aşiqliyin, qəm və kədərin rəmzi olan aşiq obrazıdır. Bu elə bir dərddir ki, Ondan yox, Ona doğru can atmaq hər kəs üçün hünər, cəsarət, fədakarlıq meyarıdır. Bu elə bir qəmdir ki, cəfası da zövq verir. Bu elə bir bəladır ki, hər kəs yoluxmaq istər. Cünki bu dərd – “Peyvəstə məni əsiri-ğəm qıl, Kəm qılma nəsibimi, kərəm qıl” (Füzuli) – deyə, Tanrıdan dərd-qəm, həm də “kamil bir dərd” istəyən Məcnun dərdidir. Məhəbbət poeziyasının aşiq qəhrəmanının mübtəla olduğu və hər kəsin çəkə bilməyəcəyi Məcnun dərdi…
Bəzən isə Cavid dünya, yaşam haqqında fəlsəfi düşüncələrə dalır, bəzən küsür, inciyir, bəzən ümidsizlik telləri nikbin ruha üstün gəlir və s.

cavid

Əyri olan bu dünyada
Çətin imiş düz yaşamaq…
Ağrı-acı yeyə-yeyə
Nəyə lazım yüz yaşamaq.

XX əsrin son onilliyində xalqımızın düçar olduğu bəlalar, uğradığımız haqsızlıqlar, yaşadığımız qaçqınlıq və köçkünlük həyatı, şairin dili ilə desək, “vətənsizlik” dərdimiz, həsrətimiz Cavid Qənbəroğlunun lirikasında bəzən çox kövrək, bəzən isə olduqca üsyankar  səslənir. Şair təkcə doğma yerlərin, isti od-ocağın deyil, yurdunun havasının da intizarını çəkir:

jale

Tufan qopdu, çadır qaldı çətənsiz,
Ruha dönüb dolaşırıq bədənsiz.
Oba köçdü, ellər qaldı Vətənsiz,
Dilim gəlmir deyim yoxsan, Vətən! Ox!..

Yurd həsrəti gözlərinin yaşına hopmuş, “Vətən” sözü dilində qübar tutmuş şair ata və oğul ilk beşikləri Kəlbəcərin, düşmən əsirliyində qalan dağların həsrəti ilə dərdlərini sözlərə düzürlər:

Xeyli uzaqdadı, yaman kövrəlib,
Girən yoxdu qılığına dağların.
Əsirlikdə sızıldayır, göynəyir,
Ünüm çatmır qulağına dağların.
(Qənbər Şəmşiroğlu)

Torpağımı taladılar, satdılar,
Qan içənlər çox günaha batdılar.
Sinəm üstdə qəm tonqalı çatdılar,
Ağlamayım bəs neyləyim, xan Tərtər?!
(Cavid Qənbəroğlu)

Dədə Şəmşirin ocağından boy verən, ulu sənətkarın və ümumiyyətlə, Azərbaycan ədəbiyyatının dəyərlərindən qaynaqlanan Qənbər Şəmşiroğlu və Cavid Qənbəroğlu poeziyası sözün həqiqi mənasında vətəninə, xalqına, onun inkişafına və gələcəyinə xidmət edən, müstəqil dövlətçiliyimizin daha da möhkəmlənməsinə, böyüməkdə olan nəslə doğru yolu – müəllifi Ulu Öndər olan, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən Azərbaycançılıq yolunu göstərməyi bacaran bir poeziyadır və inanırıq ki, bu yaradıcılığın ömrü sözün, sənətin ömrü qədər olacaq.

Jalə ƏLİYEVA, 

Filologiya elmləri doktoru,

professor, Milli Məclisin

Mədəniyyət komitəsinin sədr müavini

Gununsesi.info