
“Qız atası” serialının Vidadisi Teymur Məmmədov “10-dan sonra” verilişinin qonağı olub.
Gununsesi.info-nun axsam.az-a istinadən verdiyi məlumata görə, aktyor verilişdə sənətə gəlişindən söz açıb:
“14 yaşımda olanda məktəbdə ilk tamaşamı oynamışam. Onda yeddinci sinifdə oxuyurdum. Eyibləri, nöqsanları hansısa bir dillə çatdırmaq lazım idi. Onda səhnəciklər qurmağa başladıq. Şıxəli Qurbanovun “Özümüz bilərik” musiqili komediyasında bir parçanı oynadıq. Orada Murtuzov rolunda çəkilmişəm. Bu yolla məni tanımağa başladılar. Daha sonra İncəsənət Universitetini bitirdim. Artıq 40 ildir ki, bu sənətdəyəm”.
T.Məmmədov sənətini yola vermək vasitəsi kimi görmədiyini deyib: “Bu sənətdə “xaltura” nədir bilməmişəm. O qədər istedadlı adamlar var ki, bu sənətin məşəqqətinə dözməyib pul qazanmaq dalınca qaçırlar. Ancaq fədailər sənətdə qalıb dözürlər”.
Aktyor onun üçün film çəkilişinin seriallardan daha çətin olduğunu bildirib: “Seriala çəkilmək asandır. Filmdə yüz ölçüb bir biçmək lazımdır. Ona görə Sovet dövründən qalma filmlərimizə baxdıqca baxırsan. Onları elə düşünüb çəkiblər ki…”.
Gununsesi.info