Bütün əsl Sənət adamlarına-SƏNƏTKARlara hər zaman böyük hörmət-izzətim, ehtiramım olub…29 illik pis-yaxşı jurnalistlik fəaliyyətim dövründə də hər zaman əsl Sənət adamlarına qələmimlə mənəvi dəstək olmağa, onları işıqlandırmağa, təbliğ etməyi, unudulanları, yaddan çıxarılanları xatırlatmağa, yenidən diqqət mərkəzinə, gündəmə gətirməyə çalışmışam…Nəhəng, korifey Sənətçilərlə – rəhmətlik Yaqub Məmmədov, Zeynəb Xanlarova, mərhum İslam Rzayev … indi yaşayanların böyük əksəriyyəti və sairə ilə – ötən əsrin 90-cı illərindən bu yana bir xeyli müsahibələrim, açıqlamalarım, yazılarım olub və var (imkan düşdükcə olacaq da)…Təvazökarlıqdan uzaq olmasın, hamısı da maraqla qarşılanıb, oxunub…Bunları da özümə bir vətəndaşlıq, insanlıq görəvi, peşə borcu bilmişəm və bu gün də bu mövqeyimdəyəm…Hər zaman da çalışmışam ki, onlara-əsl Sənət fədailərinə sənətinə, sənətkarlığına, yaradıcılığına, sənət yanğısına görə qiymət verim, münasibət sərgiləyim, digər, yəni, şəxsi məsələlər mənim üçün ikinci-üçüncü dərəcəli məsələlər olub…
Amma bununla belə, həmin sənətçilər arasında zaman-zaman yaranan, yaşanan, bəzən də onların həssaslıqlarından yararlanaraq, qəsdən, bilərəkdən yaradılan, yaşadılan intriqalara, dedi-qodulara da üzülmüşəm, bunları gərəksiz saymışam və özüm də belə şeylərdən yan qaçmağa, uzaq durmağa çalışmışam…Son günlər tanınmış muğam ifaçısı, dəyərli xanəndəmiz Xalq artisti Canəli Əkbərovla bağlı yaranmış qalmaqalı da üzüntü ilə izlyəyirəm…Tanınmış, nüfuzlu sənətçilərimizdən bəzilərinin də bu qalmaqalda yer almasından son dərəcə üzüntülü və narazıyam bir insan, bir vətəndaş, bir qələm əhli kimi…
Canəli müəllimlə bağlı – bəzi fikirlərini uğurlu saymasam, qəbul etməsəm də – onu deyə bilərəm ki (onun özünü də, hətta, sənətini də qəbul etməmək, bəyənməmək olar, zövqlər müxtəlifdir, hər kəsin öz yanaşması, mövqeyi var, amma təhqirlər, qərəzli, sənətə aid olmayan yanaşmalar qəbuledilıməzdir), yaxşı el sənətkarıdır, gözəl toy, el məclisləri aparır (aparıb)…Yəni, insanları başa düşüb, onların maddi durumlarını, sənətə, sənətkara yanaşmasını nəzərə alıb…Bir çoxları kimi, daha özünü yuxarıdan aparmayıb, insafsızcasına gözünü yumub, ağzını açıb pul “oxumayıb”…
Şəxsi tanışlığımız olmasa da, amma onu çoxdan tanıyıram… Onu efirdə hardasa 7-8 yaşlarında görmüşəm, amma onu ilk dəfə necə deyərlər, canlı olaraq 1983-cü ildə, 10 yaşımda, 4-cü sinifdə oxuyanda kəndimizdə (Azərbaycanın sözün əsl mənasında musiqi konservatoriyası sayıla biləcək kəndimizdə-Goranboyun Qızılhacılı kəndində (qəsəbəsində), bir yaxın qohumumuzun toyunda görmüşəm…Onunla birgə gözəl və qədri bir o qədər də bilinməyən Xalq artistmiz Qəndab xanım Quliyeva da gəlmişdi, həmin toyda oxuyurdu…Sözün yaxşı mənasında deyirəm və dəyirdim ki, onların hər ikisi də Qızılhacılının sanki ştatdankənar müğənniləri, toy ifaçıları olublar…Son illərdə də ara-sıra Qızılhacılı toylarında iştirak edir, insanları mənəvi və ruhi qıdalandırırlar…Bunun əsas səbəbi, yəni, onlara tez-tez müraciət edilməsinin, toylara dəvət olunmasının səbəbi də məhz yaxşı el sənətkarı olmaları, insanlarla ünsiyyət qura, yarada, onlara əsl sənəti yaşada bilmələridir…
Allah hər ikisinə də, o cümlədən, adı məlum qalmaqala qarışan və qarışmayan bütün SƏNƏTKARlarımıza bundan sonra da can sağlığı, növbəti sənət uğurları, gözəl nəfəs, gözəl səs, gözəl ifa nəsib etsin.
Amin!
Kamil HƏMZƏOĞLU
Gununsesi.info