Sərhəddə ermənilərlə görüş: İrəvanın 31 kəndimizi işğal etmək PLANI

  • By admin
  • 30 Noyabr 2023 12:10

Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası başlayıb. İclas Tavuş vilayətində, Ermənistan-Azərbaycan sərhədində keçirilir.

Gununsesi.info xəbər verir ki, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mqer Qriqoryan iki ölkə sərhədlərinin delimitasiyasını müzakirə edəcək.

“İndiyə qədər delimitasiya komisiyalarının 4 görüşü keçirilib: ikisi sərhəddə – Arazdəyən və Qazax, ikisi xaricdə – Moskva və Brüssel. Bütün görüşlərdə yeganə nəticə “danışıqların davam etdirilməsi üzrə razılaşma” olub”, – bu sözləri siyasi şərhçi Asif Nərimanlı bildirib.

Onun sözlərinə görə, “Qazax sərhədində keçiriləcək bugünkü görüş sayca beşincidir və nəticənin əvvəlkilərdən fərqli olacağı sual altındadır. Çünki:

– tərəflər arasında sərhədin hansı xəritələr üzrə müəyyən edilməsinə dair fikir ayrılığı davam edir;

– işğal altında qalan 8 kəndin – Qazaxın 7 və Kərki kəndi – azad edilməsinə qarşı İrəvan “erməni kəndləri” iddiasını irəli sürüb;

– sərhəd məsələsində hansısa razılaşma xəritələrin saxlanıldığı Moskvanın prosesə qoşulmasını şərtləndirir. Ki, görüşün Qərb cəbhəsi bununla razılaşmayacaq;

Ermənistan parlamentinin spikeri Alen Simonyanın son iddiaları İrəvanın “əlini yüksəltdiyini” göstərdi. Erməni spiker 8 kəndin qaytarılmasına qarşı bildirir ki, “Ermənistanın 31 kəndi ya tamamilə, ya da qismən Azərbaycanın nəzarəti altındadır. Bu 31 kəndin qaytarılmasından da danışmalıyıq”.

İrəvan “31 kəndə” Başkəndi və müharibədən sonra dövlət sərhədini9n bərpası nəticəsində ordumuzun nəzarət zonasına düşən əraziləri daxil edir. Və bu iddia ilə ya 8 kəndin qaytarılmasını arxa plana keçirmək, ya da Başkəndi almaq və ordumuzun sərhədboyu mövqelərindən geri çəkilməsini təmin etmək istəyirlər. Nəticə etibarilə, Azərbaycan və Ermənistanın sərhədlə bağlı gündəliyi fərqlidir”.

Xatırladaq ki, noyabrın 21-də Ermənistanın Xarici İşlər Nazirliyindən Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatına cavab olaraq bildirib ki, İrəvan Bakı ilə danışıqlarda iştirak etməyə hazırdır.

Bəyanatda qeyd olunub ki, Ermənistan tərəfi Azərbaycanla münasibətlərin normallaşması, həmçinin, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması üçün səylər göstərməkdə siyasi iradəsini təsdiqləyir.

Qeyd edək ki, rəsmi Bakı Azərbaycanın sülh müqaviləsinin mümkün qədər tez tamamlanması üçün Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazır olduğunu açıqlayıb.

Gununsesi.info