
Mayın 1-də Milli Məclisin (MM) Gənclər və idman komitəsi, həmçinin, Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və adıçəkilən partiyanın Gənclər Birliyinin təşkilatçılığı ilə parlamentdə “Heydər Əliyev milli parlamentarizmin banisidir: Gənclərin gözü ilə” adlı Dəyirmi masa öz işinə başlayıb.
Gununsesi.info-nun xəbərinə görə, Dəyirmi masanı açan MM-in Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, tədbirə ölkənin fəal gəncləri dəvət olunublar.
Onun sözlərinə görə, gənclər təbdirdən ilk öncə MM-də Heydər Əliyev Muzeyi ilə tanış olub, onun parlamentdəki büstünü ziyarət ediblər:”Azərbaycanda parlamentarizm ənənələri çoxdan mövcuddur. Hələ ötən əsrin əvvəllərində Şərq alımində parlamentarizmin bünövrəsi Azərbaycanda qoyulub. Yəni, Azərbaycan parlamentarzminin az yaşı yoxdur. Azərbaycan parlamentarizm tarixində ümummilli lider Heydər Əliyevin də rolu əvəzsiz və müstəsnadır. Bu rolun, bu irsin öyrənilməsi, tədqiq edilməsi, ondan bəhrənilməsi isə çox vacibdir, xüsusilə də, gənclərimiz üçün”.
Məlahət İbrahimqızı: “Sanki parlament deyildi, təhqir, bir-birinə qarşı hörmətsizlik baş alıb-gedirdi…”
Millət vəkili, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı isə bildirib ki, müasir və müstəqil Azərbaycan H. Əliyevin şah əsəridir. Millət vəkilinin dediyinə görə, bu, nəinki bizdə belə qəbul olunur, dünyanın hər bir yerində də bu cür qəbul edilir. “Müasir və müstəqil Azərbaycan Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun fəaliyyəti, müdrik siyasəti nəticəsində də Azərbaycanda milli parlamentarizmin bünövrəsi qoyuldu. Sizlər, buradakı gənclər o vaxtkı hadisələrin bəlkə də şahidi olmamısınız. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda çox gərgin bir vəziyyət hökm sürürdü. O zaman Heydər Əliyevə də Bakıda yaşamaq imkanı verilmədiyi üçün, o, öz doğma yurduna-Naxçıvana üz tutmalı, orada yaşamalı oldu.Həmin vaxtlar Azərbaycanda keçmiş Ali Sovetdə də yaşananlar çoxlarımızın, o dövrün şahidlərinin yadındadır. Sanki parlament deyildi, təhqir, bir-birinə qarşı hörmətsizlik baş alıb-gedirdi…Ancaq 1993-cü ildə Heydər Əliyevin Azərbaycan xalqının təkidli tələbi ilə yenidən Bakıya, hakimiyyətə dönüşü ilə hər şey yoluna qoyuldu, istər Azərbaycan dövləti üzləşdiyi təhlükələrdən xilas olundu, istərsə də milli parlamentarizmin əsası qoyuldu…”-deyə, M.İbrahimqızı daha sonra qeyd edib.
Kamil HƏMZƏOĞLU
Gununsesi.info