Tehran və Ər-Riyad diplomatik münasibətləri bərpa etdikdən sonra iranlılar ilk dəfə Ümrə üçün Səudiyyə Ərəbistanına gedə biləcəklər.
Gununsesi.info xəbər verir ki, iranlı zəvvarlar son səkkiz ildə ilk dəfə dekabrın 19-dan Səudiyyə Ərəbistanına müntəzəm səfərə başlayacaqlar.
Yarı rəsmi “Fars” xəbər agentliyi İranın 10 hava limanından havaya qalxacaq təyyarələrin il boyu Səudiyyə Ərəbistanının Məkkəyə Ümrə ziyarətinə gedəcək iranlıları daşıyacağını açıqlayıb.
Bu addım Körfəzdə neft hasil edən iki rəqib arasında münasibətlərin normallaşmasının əlaməti hesab olunur.
Qeyd edək ki, 2016-cı ildən iranlılar yalnız Səudiyyə Ərəbistanına həcc ziyarətinə gedə bilirdilər.
İranlılar artıq ilin istənilən vaxtında edilə bilən “kiçik həcc” kimi tanınan Ümrə ziyarətini yerinə yetirə biləcəklər.
İranın xarici işlər naziri Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi bin Salman ilə görüşüb
İran və Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələr 2016-cı ildə Ər-Riyadın bir şiə ruhanisini edam etməsindən və Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə basqın edildikdən sonra kəsilib.
İki ölkə bu addımı mart ayında Çinin vasitəçiliyi ilə əldə etdiyi razılaşmaya uyğun atıb.
İran və Səudiyyə Ərəbistanı arasında aparılan danışıqlarda iki ölkə arasında qeyri-dini turizmin canlandırılması məsələsi də müzakirə olunur.
Bildirilib ki, 2024-cü ilin fevral ayının sonuna qədər təxminən 70 min iranlı zəvvarın Səudiyyə Ərəbistanına getməsi gözlənilir.
2016-cı il yanvarın 2-də Səudiyyə Ərəbistanında şiə din xadimi Nimr əl-Nimr də daxil olmaqla 47 nəfər “terrorçuluq” ittihamı ilə edam edilib.
Edamlara reaksiya verən İran rəsmilərinin ardıcıl açıqlamalarından sonra İranda nümayişçilər Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi və Məşhəd şəhərindəki konsulluq binalarını yandırıblar.
Yəməndə 2015-ci ilin martında başlayan böhran səbəbindən onsuz da gərgin olan iki ölkə arasında diplomatik əlaqələr tamamilə kəsilib. Tərəflər 7 ildən sonra münasibətlərin normallaşması üçün Pekində əldə olunan razılaşmanı imzalayıblar.
Gununsesi.info