
Səudiyyə Ərəbistanı Kralı Salman ben Abdel Əziz Al Saud 12 illik fasilədən sonra Suriyaya yeni səfir təyin edib.
Gununsesi.info xəbər verir ki, Səudiyyə Ərəbistanının Dəməşqdəki diplomatik nümayəndəliyinə Seyf ben Saud al-Mucfel başçılıq edəcək.
Qeyd edək ki, Krallığın Suriyadakı diplomatik nümayəndəliyi 2012-ci ildə bağlanmışdı. Səudiyyə Ərəbistanı və Suriya 2023-cü ilin mayında diplomatik münasibətlərin bərpası barədə razılığa gəlib. Ölkələr arasında münasibətlər normallaşdıqdan bir neçə ay sonra Suriyanın Ər-Riyaddakı Səfirliyi öz işini bərpa edib. Cari ilin əvvəlində isə Səudiyyə Ərəbistanı Dəməşqdəki Səfirliyini açıb və ona müvəqqəti işlər vəkili Abdalla al-Haris rəhbərlik edib.
Onu da xatırladaq ki, Suriyada vətəndaş müharibəsi başladıqdan sonra əksər ərəb ölkələri Dəməşqdən öz səfirlərini geri çağırıb və respublikanın iqtisadi boykot edilməsinə qoşulublar. Münaqişə boyu Qətər, Səudiyyə Ərəbistanı və digər ölkələr Suriya rəhbərliyinə qarşı çıxış edən hərbi birləşmələrə maddi və hərbi yardım göstəriblər.