“Səba” şirkəti bağlanır - İŞÇİLƏR ÖZ HESABINA MƏZUNİYYƏTƏ GÖNDƏRİLDİ

  • By admin
  • 06 Oktyabr 2016 17:30

seba

“Səba” ASC bəzi işçilərini öz hesabına məzuniyyətə göndərməsi ilə bağlı açıqlama yayıb.

Şirkətdən Gununsesi.info-ya verilən məlumata görə, quş əti, süd məhsulları, dərin emal, əkinçilik məhsulları istehsal edən 5 müəssisədən ibarət “Səba” ASC-də 1150 işçi çalışır. Şirkətdən bildirilib ki, əsas istehsal istiqaməti olan quş əti istehsalı müəssisəsinin ziyanla işləməsinə baxmayaraq, 9 aylıq birləşmiş hesabata görə, səhmdar cəmiyyət 2 mln. manatdan yuxarı mənfəət əldə edib.

“Xammal və materialların qiymətinin qalxması səbəbindən ziyanla çalışan quş əti istehsalı müəssisəsini rentabelliyə çıxarmaq məqsədilə, şirkət inzibati xərclərin azaldılması qərarına gəlib. Bu da quş əti istehsalında çalışan işçilərdən 50 nəfərin öz hesabına 3 aylıq məzuniyyətə göndərilməsi qərarı olub. Quş əti istehsalı müəssisəsinin 500 manatdan yuxarı əməkhaqqı alan inzibati heyətinin maaşı isə mənfəətə bağlı sistemə keçirilib. Şirkətdən bildirilib ki, Səba quş əti istehsalı sahəsində 800 nəfərdən yuxarı işçi çalışır. Ötən 9 ayda müəssisənin rentabelliyinin düşməsinə baxmayaraq, 1 nəfər də işdən azad edilməyib”, – deyə məlumatda vurğulanıb.

Öz hesabına məzuniyyətin 3 ay müəyyənləşdirilməsi məsələsinə də şirkət aydınlıq gətirib. ASC-dən bildirilib ki, Nazirlər Kabinetinin ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələrinə dəyişikliklərlə bağlı 23 sentyabr 2016-cı il tarixli qərarı şirkətin satış həcminə yaxın vaxtlarda müsbət təsir göstərəcək: “Bu da quş əti istehsalı müəssisəsinin yaxın aylarda rentabelliyə çıxmasına və “Səba”nın özhesabına məzuniyyətə göndərilmiş işçilərinin yenidən öz iş yerlərinə qayıtmasına səbəb olacaq”.

Gununsesi.info