“Sədərək”dəki yanğın qəsdən törədilib - Saxlanılan var

  • By admin
  • 10 Yanvar 2023 20:22

Xəbər verildiyi kimi, yanvarın 8-i saat 18 radələrində Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində yanğın baş verib. Hadisə ilə bağlı zəruri istintaq hərəkətləri aparılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu və Fövqəladə Hallar Nazirliyinin birgə məlumatında deyilir.

İlkin araşdırma zamanı ticarət mərkəzinin 15-16-cı sıralarında ümumilikdə 800 kvadratmetr sahəsində yerləşən 27 mağazanın Bakı şəhər sakini Əfqan Abdullayev tərəfindən qəsdən yandırılması, nəticədə icarədar və sahibkarlara külli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 186.2.1 (külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə) və 186.2.2-ci (yandırmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələrilə cinayət işi başlanıb.

İş üzrə Əfqan Abdullayev şübhəli şəxs qismində tutulub.

Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Gununsesi.info