Səddam Hüseynin son müdafiə naziri də öldü

  • By admin
  • 20 İyul 2020 16:04

İraqın devrilmiş prezidenti Səddam Hüseyn dövrünün son müdafiə naziri Sultan Haşim həbs cəzası çəkdiyi Nəsiriyyə şəhərinin Əl-Hut həbsxanasında ürəktutmasından vəfat edib.

Gununsesi.org xəbər verir ki, Zikar vilayəti Səhiyyə Departamentinin rəsmisi Casim əs-Saadi AA-ya verdiyi açıqlamada “Sabiq müdafiə naziri Haşim Əl-Hut həbsxanasında keçirdiyi infarktdan sonra vəziyyətinin pisləşməsi üzündən bu axşam vəfat edib” deyib. Haşimin bir neçə xroniki xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

1944-cü il təvəllüdlü Sultan Haşim Səddam Hüseyn dövründə İraqın iştirak etdiyi bütün müharibələrdə rol alıb. Bunlar arasında İraq-İran, Birinci və İkinci Körfəz müharibələri də var.

Bundan əlavə, Səddam Hüseynin 1990-cı ildə Küveyti işğal etməsindən sonra 1991-ci ildə beynəlxalq koalisiya qüvvələri ilə aparılan atəşkəs danışıqları prosesində İraq heyətinə rəhbərlik edib.

1995-2003-cü illərdə Səddamın müdafiə naziri kimi fəaliyyət göstərən və ABŞ-ın axtarılanlar siyahısında adı olan Haşim 2003-cü ildə ABŞ qüvvələrinə təslim olub. 2017-ci ildə çıxarılan qərarla edama məhkum olunmuş və amma İraq rəsmilərinin təsdiqləməməsi üzündən edam olunmamışdı.

 

 

Gununsesi.org