Səfər Əbiyev Murad Adjinin ölümündən yazdı - "ONU QORUYA BİLMƏDİK"

  • By admin
  • 09 Mart 2018 20:35

Sabiq Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Kumuklu araşdırıcı alim Murad Adji ilə bağlı öz xatirələrini qələmə alaraq Gununsesi.info-ya təqdim edib.

Mətni olduğu kimi oxucularımıza təqdim edirik:

“Murad Adjini itirdik. Bəli, yaranan bir gün gedəcək. Həyatın fəlsəfəsi, Allahın işi belədir. Ancaq sevimli dostumuzun və bizə görə yeri həmişə görünəcək böyük bir insanın ölümünü belə tez gözləmirdik. Ondaki nikbinlik, yaşamaq həvəsi, yazıb-yaratmaq hissi onu sevən dostlar arasında belə bir təssürat yaratmışdır ki, xəstəlik Muradı əyə bilməyəcək.

Dogrudan, çox istərdik ki, o, hələ yaşasın və qədim türk tarixinin üzərinə işıq salacaq yeni – yeni əsərlərlə bizləri sevindirsin. Onun elmi baxışları və tədqiqatları o qədər zəngin və tutarlı sübutlara esaslanan elə bir xəzinə idi ki, onları özü ilə əbədiyyətə aparması ilə sadəcə barışmaq çətindir. Qədim türk tarixindən söhbət düşərkən Murad Adjini sanki Altaylardan tutmuş Balkanlara qədər türklüyün böyük ərazisinin yorulmaz yolçusu kimi görürdük. Yəqin ki, Murad Adjinin ardıcılları onun bu müqəddəs işini yarımçıq qoymayacaqlar. Muradın yoxluguna çox üzülürük. Onunla dostlugumuz 90-cı illərə gedib çıxır. Özümü çox xoşbəxt hiss edirəm ki, belə böyük və müdrik insanla aramızda qırılmaz bir körpü yaranmışdı. Bu yaxınlıq hər şeydən əvvəl mənəvi bir bağlılıga, əvəzsiz dostluga söykənirdi. Unudulmaz qələm və təfəkkür sahibinin maraqlı söhbətləri, qədim türk tarixinə dair yeni araşdırmaları bizim üçün unudulmaz bir həyat səhifəsidir. Səhv etmirəmsə, 1995-ci il idi. Murad Adjinin türk tarixinə aid çox fundamental yeni bir əsəri çapdan çıxmışdı. Kitabın bir neçə nüsxəsini mənə və onu sevən dostlara göndərmişdi. Birlikdə oxuduq belə qərara gəldik ki, əsərin Azərbaycanda yayılmasına ciddi ehtiyac vardır. Ona görə də, həmin kitabı çoxlu sayda Bakıya gətizdirdik və elmi müəssisələrdə, ali məktəblərdə yayılmasına nail olduq. Murad Adji böyük alim və türkçü oldugu qədər həm də sözün əsl mənasında böyük insan idi. Onunla keçirdiyimiz günləri, maraqlı söhbətləri unutmaq bizim üçün olduqca çətindir. Əziz dost çox tələsdin. Buna görə üzgünük. Bağışla ki, səni qoruya bilmədik. Allahdan sənə rəhmət diləyirik. Əziz ailənə səbr və dözüm arzulayırıq. Səni sevən dostların yaddaşından heç zaman çıxmayacaqsan. Əlvida əziz dost, əlvida!

Sabiq Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev və Murad Adjini sevən digər dostlar”

Gununsesi.info