Səfərbərlik Xidməti açıqladı: Kamil Zeynallı ictimaiyyəti aldadıb

  • By admin
  • 05 Fevral 2021 14:17

Bəzi sosial şəbəkə hesablarında və xəbər saytlarında idmançı və bloger kimi tanınan Kamil Zeynallının Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırışı üzrə Dövlət Xidməti tərəfindən təltif olunması barədə məlumatlar yayılıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırışı üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Gununsesi.org-a verilən açıqlamada həmin məlumatlar təkzib olunub:

“Bəzi sosial şəbəkə hesablarında və xəbər saytlarında Kamil Zeynallı adlı vətəndaşın Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırışı üzrə Dövlət Xidməti tərəfindən təltif olunması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılmışdır. Bildiririk ki, həmin şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən heç bir medal və mükafatla təltif edilməmişdir”.

Xatırladaq ki, özünün Kamil Zeynallı sosial şəbəkələrdə yazdığı məlumatda iki medala layiq görüldüyünü bildirib. Həmin açıqlamasında K.Zeynallı Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-polkovnik Arzu Rəhimova və onun birinci müavini general-mayor Mayıl Şahverdiyevə təşəkkür edərək, “Milli Ordu – 100” və “Vətən naminə” medallarıyla təltif olunduğunu bildirib.

Onun sözlərinə görə, Vətən müharibəsi zamanı göstərdiyi fəaliyyətə görə layiq görüldüyü medalları tezliklə ona təqdim edəcəklər.

K.Zeynallı hətta həmin medalların şəklini də paylaşıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təkzibindən sonra belə məlum olub ki, həmin medallar ona QHT-lər tərəfindən verilib.

Gununsesi.org