“Şəhərlərdən çıxmayan dostlarımız sonuna qədər qalmağı, camaatla birlikdə mübarizə aparmağı üstün tutublar” - Naqif Həmzəyev

  • By admin
  • 24 Fevral 2022 11:37

“Artıq hərbi əməliyyatlara start verilib. Ukrayna-Rusiya münasibətlərində istəmədiyimiz, lakin gözlənilən gərginlik ssenarilərinin şahidi oluruq”.

Bunu Modern.az-a Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Naqif Həmzəyev deyib.
Deputat qeyd edib ki, hazırkı durum faktiki olaraq, müharibənin başlaması deməkdir:

 

“Ukraynada hərbi vəziyyət elan olunub. Əksər şəhərlərdə strateji obyektlər uzaq mənzilli raketlərlə vurulur və hava nəqliyyatı tamamilə bağlanıb. Ukraynalı həmkarlarımızla səhər saatlarında əlaqə saxlayıb onlardan vəziyyəti öyrənməyə çalışdım. Faktiki olaraq çox böyük gərginlik yaşanır. İnsanların böyük əksəriyyəti Qərbi Ukraynaya üz tutublar. Ancaq müharibənin başlanması prosesi sürətlənir.

 

Bəzi deputatlarla, ümumiyyətlə, əlaqə qurmaq mümkün olmadı, mesajlarımıza da cavab yazmırlar, informasiya verə bilmirlər. Ukraynalı həmkarlarımızın dediyinə görə təşviş artır. Hələ də Kiyevi tərk etməyən və digər şəhərlərdən çıxmayan dostlarımız var ki, onlar sonuna qədər qalmağı, camaatla birlikdə mübarizə aparmağı üstün tutublar.

 

İstənilən halda bizim tək ümidimiz, istəyimiz ondan ibarətdir ki, müharibə uzun çəkməsin və çoxlu tələfat olmasın. Çünki istənilən halda müharibə yaxşı nəticələr vermir. Biz ümid edirik ki, ən qısa zamanda münaqişə sülh yolu ilə həllini tapacaq, yenidən diplomatik masada siyasi yollarla problem həll ediləcək”.

Gununsesi.info