Şəhla Abbasovanın “Yeddi gözəl” adlı batika sərgisi keçirilib - FOTOLAR

  • By admin
  • 06 Mart 2018 14:18

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə istedadlı rəssam Şəhla Abbasovanın böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasına həsr olunmuş batika əsərlərindən ibarət sərginin rəsmi açılış və sərgi kataloqunun təqdimat mərasimi keçirilib.

Gununsesi.info-nun xəbərinə görə, tədbir universitetin sərgi salonunda baş tutub. Müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi, görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 95 illik yubileyi münasibətilə keçirilən sərgidə rəssamın poemadakı yeddi müxtəlif ölkədən olan yeddi şahzadənin obrazlarının ipək parça üzərində təsvirləri nümayiş olunub. Tədbirin açılışında qonaqlara universitetin tələbələrinin iştirakı ilə ədəbii-bədii hissə təqdim edilib.

Qeyd edək ki, Sərgi martın 9-dək davam edəcək. Xatırladaq ki, Şəhla Abbasova 1977-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında bakalavr (2010 – 2014), Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində magistr pilləsində (2015- 2017) təhsil alıb. Müxtəlif yerli və beynəlxalq sərgilərdə fəal iştrak edərək ölkəmizi təmsil edib, diplom və sertifikatlarla təltif olunub. Şəhla Abbasova, eyni zamanda 2016-cı ildə Monteneqroda keçirilən “Dünya İncəsənət Oyunları” III Oyun və Ənənəvi Konfransda (3rd Games and Annual Conference “World Art Games”) təşkil olunan sərgidə iştirak edib əsəri kataloqda nəşr olunub və sertifikata layiq görülüb.

Şəbnəm Rəhimova

Gununsesi.info