Səhvən demişdilər ki, Səbuhi şəhid olub - FOTOLAR

  • By admin
  • 27 Sentyabr 2022 13:50

“Vətən müharibəsi başlamazdan qabaq qardaşım Səbuhi Əhmədov gizir rütbəsi almışdı, ona fərqlənmə nişanı vermişdilər”.

Gununsesi.info xəbər verir ki, bu sözləri 12-14 sentyabr tarixlərində sərhəddə Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olan SOS uşaq kəndinin yetirməsi Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov deyib.

O bildirib ki, müharibə başlayanda qardaşı döyüşlərdə ön sırada gedirdi:

“Suqovuşanda, Zəngilanda, Ağdərə və Füzulidə döyüşüb. Mən qardaşımı düşünürdüm ki, görən hardadı, necədi? Səbuhi Şəki batalyonu ilə döyüşə girdi. Suqovuşan istiqamətində döyüşlərdə ayaqlarından qəlpə yarası aldı. Ümumilikdə 3 dəfə yaralanmışdı Səbuhi. 7 gün müalicə aldı, sonra dedi ürəyim partdıyır, dayana bilmirəm.

Daha sonra Zəngilana getdi. Döyüş zamanı maşında sıxışıb qalan silahdaşını xilas edərkən, əlini yandırmışdı. Ağdərə istiqamətində baş nahiyəsindən qəlpə yarası almışdı. Səbuhi 44 günlük Vətən müharibəsindən 4 medal ilə qayıtmışdı”.

Şəhid qardaşı deyir ki, qardaşının bir neçə döyüş yoldaşı vətən uğrunda həlak olub:

“Çox qorxurdum ki, qardaşıma nəsə olar. Səhvən demişdilər ki, Səbuhi şəhid olub, amma sağ idi. Zəng edib soruşmaq çətin idi ki, mənim qardaşımın nəşi gəlib? Sonra mənimlə əlaqə saxladı, dedi yaxşıyam. Vətən müharibəsindən sağ salamat qayıtmışdı deyə, mən inanmırdım ki, bu dəfə qardaşım şəhid ola bilər. Son döyüşlərdə qardaşım qəhrəmancasına şəhid olub. Mən onunla fəxr edirəm, amma bunu qəbul etmək mənim üçün çox çətindir”.

Qeyd edək ki, 2 yaşında valideynlərini itirən Səbuhi Əhmədov qardaşı Sənan Əhmədovla birlikdə SOS uşaq evində böyüyüb. O, Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdiyi son təxribatlar nəticəsində şəhidlik zirvəsinə ucalıb.

Gununsesi.info