Şəkər xəstələrinin sayı artır - Ekspert: "Stress aşırı çoxdur"

  • By admin
  • 17 Fevral 2022 21:21

Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, hazırda dünyada 300 milyona yaxın insan şəkərli diabetdən əziyyət çəkir. Qurumun proqnozlarına görə, 2030-cu ilədək dünyada diabetdən ölənlərin sayı iki dəfə arta bilər.

Azərbaycanda da, rəsmi məlumatlara görə, 300 minə yaxın qeydiyyatdan keçmiş şəkərli diabet xəstəsi var və son illər bu xəstələrin sayı 5-6 faiz artıb.

Sevinc Əliyeva AzadlıqRadiosuna bildirib ki, onun kimi şəkərli diabetdən əziyyət çəkənlərin sayı çox olduğuna görə poliklinikalarda endokrinoloqun qəbuluna düşmək çox çətindir: “Səhər saat 8-dən növbədə saatlarla durmalı oluruq”.

Dərmanlar ceyran belində: Qiymətlər Türkiyədən 2-3 dəfə bahadı

O iddia edir ki, dərmanları pulsuz verməli olan poliklinikalardan onları tam miqdarda və vaxtında almaq hər zaman mümkün olmur: “Poliklinikada deyirlər ki, hər bir xəstə üçün yalnız məhdud miqdarda dərman ayrılır. Qanda şəkərin dərəcəsi çox olan xəstələrə daha çox dərman lazımdır. Ona gərə də bəziləri qalan dərmanları apteklərdən almağa məcbur olurlar. Dərman isə bahadır”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən isə “Turan”a bildirilib ki, Azərbaycanda “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Qanun qəbul edilib. Qurumdan vurğulandığına görə, “2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı” da uğurla icra edilib: “… Daima şəkərli diabet xəstələrinin vahid elektron reyestri və məlumat bazası təkmilləşdirilir, bu xəstəliyin profilaktikası, müalicə və reabilitasiyası üzrə vacib tədbirlər həyata keçirilir. Xəstələr şəkərsalıcı preparatlar, insulin, insulin analoqları və özünənəzarət vasitələri ilə təmin olunur, həkim-endokrinoloqlar üçün elmi-praktik konfranslar keçirilir…”.

A.Qeybulla

Tibb elmləri doktoru Adil Qeybulla da AzadlıqRadiosuna bildirib ki, şəkərli diabet daha çox maddələrin pozuntusu ilə bağlı olan xəstəlikdir: “Son vaxtlar insanlar həddindən artıq passivləşiblər və həddindən artıq çox qida qəbul etməyə meyllənib. Bizim insanlar yeməyini, adətən, axşam saatlarında qəbul edir. Qidanı qəbul edəndən sonra isə, demək olar ki, hərəkət etmirlər. Nəticədə piylənmə, şəkərli diabet və ürək xəstəlikləri artır”.

Ekspert başqa amillərin də üzərində dayanır: “Həyatımızda stress aşırı çoxdur. Həm həyat tərzi, həm əhalinin böyük hissəsinin Abşeron yarımadasında cəmləşməsi xeyli problemlər yaşadır. İnsanlar kütləvi şəkildə idman etmirlər. Xaricdə hər həftəsonu kütləvi idman var”.

BMT deyir dünya ərzaq qıtlığı ilə üz-üzədir. Bəs Azərbaycan?
O qeyd edib ki, ərzaqların keyfiyyəti də şəkərli diabetin yaranmasında xüsusi rol oynayır: “Ərzaq təhlükəsizliyi konsepsiyası olmalıdır. Marketdə satılan və, adətən, keyfiyyət parametrləri aşağı olan xeyli qida məhsulları var ki, insanlar onlardan maddi imkanları pis olduğun görə istifadə etmək zorundadırlar. Bu cür qidalar maddə mübadiləsini pozur, şəkərli diabetin yaranmasına və inkişafına gətirib çıxardır”.

Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl isə deyir ki, şəkərli diabeti olan xəstələr qeydiyyata alınır və onlara dərmanlar pulsuz verilir: “Amma bu proqramın işləməsi ilə bağlı bəzi suallar var. Ona görə də bəzi vətəndaşlarımız bu xidmətdən istifadə etmirlər, müalicəni və dərmanları özləri alırlar. Ola bilsin ki, kiminsə endokrinoloqun peşəkarlığından xoşu gəlməyə bilər. Bir də, dərmanların keyfiyyəti ilə bağlı müəyyən suallar var”.

 

 

Gununsesi.info