“Səlim həbs olunmayıb, evindədir” – Keçmiş nazirin atası DANIŞDI

  • By admin
  • 03 Fevral 2021 16:45

“Səlimlə səhər danışdım, dedi “hər şey yaxşıdır, evə indi gəldim””.

 

Gununsesi.org xəbər verir ki, bunu Modern.az-a açıqlamasında həbs xəbəri yayılan sabiq nazir Səlim Müslümovun atası Yanvar Müslümov bildirib.

 

Y.Müslümov oğlunun həbs olunmasını təkzib edib:

 

“Ola bilər harasa çağırıblar, çağırmayıblar bilmirəm, amma indi evindədir. Biz telefonda elə şeylərdən danışmırıq. Səlimin öz canı üçün dindirməyə aparıblar, yoxsa yox, onu da bilmirəm. Görünür, məlumatı məqsədli şəkildə, oğlumu istəməyənlər yayıb”.

 

Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov Modern.az-a açıqlamasında Səlim Müslümovun həbs olunması ilə bağlı məlumatlı olmadığını deyib.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev də öz növbəsində saytımıza belə bir məlumata sahib olmadığını vurğulayıb.

 

Əldə etdiyimiz məlumata görə, sabiq nazir səhər saatlarında hüquq-mühafizə orqanları tərəfindən dindirilib və daha sonra sərbəst buraxılıb.

 

Qeyd edək ki, bu gün Unikal.org saytı sabiq nazirin korrupsiya faktına görə həbs olunduğu məlumatını yayıb.

Xatırladaq ki, Səlim Müslümov 1995-ci ildən bəri hazırki iqtidarın komandasında yüksək vəzifələr tutub. Belə ki, o, 1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışıb. 2000-ci ilin martında Dövlət Gömrük Komitəsinin sədr müavini təyin edilib. 2002-ci ilin 17 dekabrında Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsinə gətirilib. 2013-cü ildən 2018-ci ilin 21 aprelinə kimi isə əmək və əhalinin sosial müdafiəsi naziri işləyib.

2018-ci ilin sentyarında Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasında müdir vəzifəsinə təyin olunub. İqtisad elmləri doktoru, professordur.

Gununsesi.org