Səlim Müslümov tabeçiliyindəki sanatoriyalardan “otkat” alırmış - SABİQ NAZİRİN İTTİHAM AKTINDA SENSASİON İFADƏLƏR VAR

  • By admin
  • 22 Noyabr 2022 12:48

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan sabiq əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümovun ittiham aktında onun nazirliyin tabeçiliyindəki sanatoriyalardan “otkat” alması barədə faktlar əksini tapıb.

Gununsesi.info-nun sabiq nazirin ittiham aktına istinadən verdiyi xəbərə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki sanatoriyalarda müəyyən kateqoriyalardan olan şəxslərin dincəlməsi üçün ayrılan putyovka (yollayış) məbləğlərinin bir hissəsinin mənimsənildiyi iddia olunur.

Həmin sanatoriyalarda çalışan şəxslər də yeyintini təsdiqləyirlər. Deyirlər ki, o pulların bir hissəsi toplanıb nazirliyə çatdırılırdı. Onlar bu barədə noyabrın 21-də keçmiş nazirin məhkəməsində danışıblar.

Məhkəmədə şahid kimi dindirilən işçilər  ifadəsində yazır ki,  məsələn, adambaşına putyovka üçün 600-700 manat sanatoriyanın hesabına köçürülürdü. Lakin bu məbləğin bir hissəsi – təxminən 150 manatı yeyinti məqsədilə ayrılırdı. Ayrılmış bu vəsaitlər toplanıb, mütəmadi nazirliyə çatdırılırdı.

Cinayət işinin materiallarında iddia olunur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlı araşdırma aparılan dövrdə “Möcüzəli Naftalan” sanatoriyasına putyovka xərcləri üçün nazirlikdən 3 milyon manat vəsait köçürülüb. Bu vəsaitin 1 milyon manatı mənimsənilib. Bunu “Möcüzəli Naftalan”ın rəhbəri Elşən Əmiraslanovun oğlu Qoca Əmiraslanov da təsdiqləyib. Deyib ki, atasının vəzifələrini faktiki o icra edirdi. Onun sözlərinə görə, putyovkaların “otkat” hissələri toplanır, nazirlikdə maliyyə və icmal büdcə şöbəsinin müdiri Şəlalə Cəfərovaya çatdırılırdı.

Əmiraslanov sadalayıb ki, 499 min manatlıq köçürmənin 125 mini, 500 min manatlıq köçürmənin 200 mini, 970 min manatlıq köçürmənin 240 mini, 1.3 milyon manatın 319 mini, 480 min manatın 120 mini nazirliyə qaytarılıb.

Başqa bir sanatoriyanın – “Sehrli Naftalan”ın əməkdaşı olmuş Ehtiram Əhmədov deyir ki, putyovkalardan onun vasitəsilə nazirliyə ümumilikdə təxminən 1 milyon manat “otkat” çatdırılıb.

Məhkəmədə şahid Elçin Ağayevin dediyinə görə, təkcə o, işlədiyi Kürdəmirdəki sanatoriyadan dörd il ərzində nazirliyə 204 min manat “putyovka otkatı” çatdırıb.

Keçmiş nazir Müslümov sanatoriyalardan nazirliyə göndərilən vəsaitlər haqda şahidlərin səsləndirdiyi iddialara heç bir münasibət bildirməyib.

 

Günay Təhməzova

Gununsesi.info