“Səngəçal” terminalından ixrac olunan neft və qazın həcmi AÇIQLANIB – FOTO

  • By admin
  • 06 Avqust 2021 14:42

2021-ci ilin birinci yarısında “Səngəçal” terminalından təxminən 115 milyon barel neft və kondensat ixrac edilib.

“BP Azərbaycan”dan Gununsesi.info-ya verilən məlumata əsasən, bu 2020-ci ilin birinci yasının göstəriciləri ilə müqayisədə 9,4 faiz azdır.

Bildirilib ki, bu dövrdə 99 milyon barel “Bakı-Tbilisi-Ceyhan” (BTC) vasitəsilə, təxminən 16 milyon barel “Qərb İxrac Boru Kəməri” marşrutu vasitəsilə ixrac baş tutub.

Bu dövr ərzində terminaldan gündəlik orta hesabla 55 milyon standart kubmetr “Şahdəniz” qazı ixrac edilib və bu ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 7,6 faiz çoxdur.

Qeyd edək ki, AÇG və “Şahdəniz” yataqlarından neft və qaz sualtı boru kəmərləri vasitəsilə “Səngəçal” terminalına göndərilir.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.

Gununsesi.info