Sərhədi pozmaq istəyən şəxsə atəş açıldı - FOTOLAR

  • By admin
  • 06 Yanvar 2023 12:08

İranla sərhəddə silahlı sərhəd pozucusuna atəş açılıb, Azərbaycana 43 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, hadisə “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində baş verib.

Yanvarın 5-də Beyləqanın Birinci Şahsevən kəndində yerləşən sərhəd zastavasının xidməti ərazisində 2 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində sərhədi pozması sərhəd naryadı tərəfindən müşahidə olunub. Naryad tərəfindən “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq, sərhəd pozucusu ərazinin sıx qamışlıq olmasından istifadə edərək geri, İran ərazisinə qaçıblar. Xidməti ərazidə pilotsuz kəşfiyyat uçuş aparatı vasitəsi ilə keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 2 ədəd bağlamada 21 kiloqram 600 qram narkotik vasitə “marixuana” aşkar olunaraq götürülüb.

Həmin gün saat 20:20-də Füzulinin Birinci Mahmudlu kəndindəki sərhəd zastavasının xidməti ərazisində 2 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində sərhədi pozması sərhəd naryadı tərəfindən müşahidə olunub. Həmin şəxs naryad tərəfindən verilən “Dayan” komandasına və xəbərdarlıq atəşinə məhəl qoymayaraq qaçmağa cəhd göstərib. Onu yaxalamaq məqsədilə sərhədçilər silah tətbiq edib və pozucunu ayağından yaralayıb. Saxlanılan şəxsin üzərindən xəncər aşkar edilib. Yaralanmış şəxsə ilkin tibbi yardım göstərildikdən sonra Füzuli rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Ərazidə aparılmış axtarış tədbirləri nəticəsində qamışlıqda gizlənmiş digər sərhəd pozucusu saxlanılıb, baxış zamanı bağlamada 6 kiloqram 400 qram narkotik vasitə “marixuana” (xırda bükümlərdə “metamfetamin”, 1000 (min) ədəd psixotrop tərkibli “gapaprel” həbləri) və bıçaq aşkar olunub.

Araşdırma zamanı saxlanılan şəxslərin İranın Parsabad şəhər sakinləri 1989-cu il təvəllüdlü Şeyxniya Əli Cəmşid oğlu və Əlipur Poya Qəşəm oğlu olduqları müəyyən edilib.

Yanvarın 6-da saat 00:15-də Beyləqanın İmamverdili kəndindəki sərhəd zastavasının xidməti ərazisində keçirilmiş tədbirlər nəticəsində Bakı sakini 1992-ci il təvəllüdlü Həsənova Solmaz Saləddin qızı saxlanılıb və şəxsin üzərinə baxış keçirilərkən 1 ədəd bağlamanın içərisində ümumi çəkisi 15 kiloqram 100 qram narkotik vasitə (14 kq 500 qram “marixuana”, 600 qram “tiryək”, 1300 ml maye halında “metadon M-40”, 1560 ədəd psixotrop tərkibli həblər və 10 ədəd “sinarolac” göz damcısı) aşkar olunub.

Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.




Gununsesi.info