Səsverməyə start verildi - ÇİNDƏ

  • By admin
  • 26 Sentyabr 2016 07:43

ref

Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə keçirilən referendumla əlaqədar Çin Xalq Respublikasındakı səfirliyimizdə yaradılan seçki məntəqəsində yerli vaxtla səhər saat 8:00-da səsverməyə start verilib.

Gununsesi.info AZƏRTAC-a istinadən xəbər verir ki, səsvermə prosesi Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılır. Məntəqə lazımi əyani vəsaitlərlərlə təmin edilib, burada səs verənlərin siyahısı tərtib olunub, məntəqə seçki komissiyasının bir neçə dəfə iclası keçirilib, Çində konsulluq qeydiyyatında olan 300-ə yaxın Azərbaycan Respublikası vətəndaşı ümumxalq səsverməsi, habelə Konstitusiya Aktı layihəsi barədə məlumatlandırılıb.

Məntəqə seçki komissiyası səsvermə günü müxtəlif səbəblərə görə qısamüddətli səfər zamanı Pekində olacaq vətəndaşlarımızın da ümumxalq səsverməsində iştirakının təmin olunması üçün işlər görüb.

Səsvermə prosesinin Seçki Məcəlləsinin tələblərinə uyğun, səsvermə hüququna malik vətəndaşlarımızın referendumda iştirakının və seçki hüquqlarını sərbəst şəkildə ifadə etmələrinin təmin olunması üçün hər cür şərait yaradılıb.

Xatırladaq ki, xarici ölkələrdəki diplomatik missiyalarımızın əməkdaşları və onların səsvermə hüququna malik ailə üzvləri, ölkəmizin hüdudlarından kənarda daimi və müvəqqəti yaşayan vətəndaşların ümumxalq səsverməsində iştirakının və seçki hüququnun təmin olunması üçün xaricdə 38 seçki məntəqəsi yaradılıb.

Gununsesi.info