Səyyad Salahlı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib

  • By admin
  • 22 Noyabr 2021 17:24

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini, yazıçı-publisist Səyyad Salahlı (Aran) türk dünyası mədəniyyətinin və elminin, Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin inkişafı istiqamətində səmərəli fəaliyyətinə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib və “Beynəlxalq qızıl ulduz” medalı ilə təltif edilib.
Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan təmsilçisi, professor Elçin İsgəndərzadə həqiqi üzvlük diplomunu və medalı S.Salahlıya təqdim edib. S.Salahlının həyat yolundan, ictimai fəaliyyətindən, elmi yaradıcılığından bəhs edən professor onun alim, ictimai-siyasi xadim kimi təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da böyük nüfuz sahibi olduğunu vurğulayıb. E.İsgəndərzadə təmsil etdiyi Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəaliyyəti və uğurları barədə də məlumat verib, Səyyad Salahlını Türk dünyasına verdiyi töhfələrə görə Akademiyanın həqiqi üzvü seçilməsi və “Beynəlxalq qızıl ulduz” medalına layiq görülməsi münasibəti ilə səmimi qəlbdən təbrik edib.

Təltiflərə görə Akademiyanın rəhbərliyinə dərin minnətdarlığını bildirən Səyyad Salahlı bu nüfuzlu elm ocağının üzvü olmaqdan qürur duyduğunu söyləyib. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıtmaqla təkcə Azərbaycanı dövlət kimi məhv olmaqdan xilas etmədi, onu həm də türk dünyasının aparıcı dövlətinə çevirdi. Son illər dünyada gedən prosesləri izləməklə Ulu Öndərin başlatdığı o möhtəşəm işlərin bu gün Prezident İlham Əliyev tərəfindən zirvəyə yüksəldildiyini, respublikamızın təkcə yerləşdiyi regionun deyil, bütövlükdə türk dünyasının arteriyasına, beyin və güc mərkəzinə çevrildiyini görə bilərik.

Qeyd edək ki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası mərkəzi qərargahı Ankarada yerləşən, türk elmi və mədəniyyətinin araşdırılması və təbliği ilə məşğul olan beynəlxalq elmi qurumdur. “Beynəlxalq qızıl ulduz” medalı türk dünyası mədəniyyəti və elminə yüksək xidmətlər göstərmiş şəxslərə verilir.

Gununsesi.info