Saatlı seçki dairəsi ilə bağlı yayılan video saxta çıxdı -Fotolar

  • By ilhame
  • 07 Fevral 2024 19:13

Sosial mediada 66 saylı Saatlı seçki dairəsinin 35 saylı məntəqəsində qeydə alınmış seçki saxtakarlığı videosu yayılıb.

 

Gununsesi.info xəbər verir ki, kadrlarda bir gənc oğlanla, yaşlı qadının seçki qutusuna çox sayda bülleten atdığı əks olunub.

Faktyoxla Lab. yayılan videonun həqiqiliyini araşdırıb.

 

Bu videodakı bəzi fraqmentləri “əksinə təsvir axtarışı” metodu ilə axtarışa verdikdə bəlli olur ki, video yeni deyil və ümumiyyətlə, Azərbaycanda çəkilməyib.

Araşdırma nəticəsində dəqiqləşdirdik ki, kadrlar 9 iyun 2019-cu ildə Qazaxıstanın Türkistan şəhərində, bu ölkədə keçirilən növbədənkənar prezident seçkiləri zamanı qeydə alınıb.

 

Videonun saxta olmasını təsdiqləyən digər fakt seçki məntəqələrindəki fərqlərlə bağlıdır. Hər iki seçki məntəqəsində divarların mavi rəngli boya ilə rənglənməsi izləyicilərdə bir anlıq çaşqınlıq yaratsa da diqqətlə baxdıqda tamam fərqli məkanlar olduğu dəqiqləşir. Nəzərə alaq ki, 66 saylı Saatlı seçki dairəsi 35 saylı məntəqə veb-kamera quraşdırılan seçki məntəqələrindəndir. Həmin mətəqənin görüntüsü hazırda belədir:

Bundan başqa seçki qutularının da fərqli olması arqumentlərimizi təsdiqləyən amillərdəndir.

Videoda görüntülənən şəxslərin yay geyimində olması, Azərbaycanda fevral ayında qısaqollu köynəkdə ictimai yerə gəlməyin mümkünsüzlüyü də deyilənləri təsdiqləyir.

Xatrıladaq ki, az müddət öncə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti 44 saylı Sumqayıt üçüncü Seçki Dairəsinin 21 saylı məntəqəsində seçki qutusuna topa şəklində bülletenlərin atılmasını əks etdirən video ilə bağlı birgə açıqlama yaymışdılar.

Nəticə: Sosial mediada 66 saylı Saatlı seçki dairəsi 35 saylı məntəqədə qeydə alınmış “seçki saxtakarlığı”nı əks etdirən video saxtadır.

 

Kadrlar 9 iyun 2019-cu ildə Qazaxıstanın Türkistan şəhərində qeydə alınıb.