Sabah “ANS”in məhkəməsi olacaq

  • By admin
  • 20 Sentyabr 2016 13:17

ans
“ANS” Müstəqil Yayım və Media Şirkətinin lisenziyasının ləğvi barədə Bakı Apellyasiya Məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxılacaq.
Gununsesi.info-nun məlumatına görə, şikayətə sentyabrın 21-də saat 11:00-da Ali Məhkəmədə hakim Sevda Hüseynovanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, sentyabrın 15-də keçirilən prosesdə ANS-in hüquqlarının müdafiəsinə yeni qoşulan Fuad Ağayev iş materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib. Məhkəmə vəsatəti təmin edib və iclas qeyri-müəyyən vaxtadək təxirə salınıb
Xatırladaq ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq “ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması barədə qərar qəbul edib. Eyni zamanda, MTRŞ 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırıb. Bakı Apellyasiya Məhkəməsində isə ANS-in lisenziyasına xitam verilməsi ilə bağlı qərar qəbul olunub.

Anar

Gununsesi.info