Sabah Bakıda Azərbaycan-Çexiya Hökumətlərarası Birgə Komissiyanın iclası keçriləcək

  • By admin
  • 17 Yanvar 2017 16:15
Flags_Azerbaijan_Cekhiya_20
Yanvarın 18-da Bakıda sayca  4-cü Azərbaycan-Çexiya Hökumətlərarası  Birgə Komissiyanın iclası keçiriləcək.
Bu barədə Gununsesi.info-ya İqtisadiyyat nazirliyindən məlumat verilib.
İclasda iştirak etmək üçün Çexiyanın Sənaye və Ticarət naziri Yan Mladekin rəhbərlik etdiyi nümayəndə heyəti artıq Bakıdadır.
Səfərdə olan Çexiya nümayəndə heyəti iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşüb.
Görüşdə  nazir Azərbaycan və Çexiya arasında əlaqələrin inkişaf etdiyini, 2015-ci ildə ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında bəyannamənin imzalandığını qeyd edib, yüksək səviyyəli qarşılıqlı rəsmi səfərlərin əhəmiyyətini vurğulayıb.
Görüşdə eyni zamanda bildirilib ki,. Azərbaycan və Çexiya arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən ticarət, enerji, investisiya qoyuluşu, kənd təsərrüfatı, bank-maliyyə sahələrində, Tvinninq aləti çərçivəsində uğurlu əməkdaşlıq həyata keçirilir. Çexiya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir, müxtəlif layihələrdə podratçı qismində iştirak edirlər. Maliyyə sahəsində əməkdaşlıq çərçivəsində Çexiya bankları tərəfindən ayrılmış vəsait hesabına Azərbaycanda infrastruktur və nəqliyyat sahəsində həyata keçirilən 7 layihədən 5-nin icrası başa çatıb, 2 layihənin icrası isə davam edir.
 Ş. Mustafayev Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi üçün fikirlərini bölüşərək bildirilib ki, sənaye, kənd təsərrüfatı, turizm və s. sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar var. Vurğulanıb ki, çex şirkətləri Azərbaycanda yaradılan sənaye parklarına və aqroparklara investisiya yatıra, Azərbaycanın tranzit imkanlarından yararlana bilər. Bundan başqa, əczaçılıq, turizm və s. sahələrdə də əməkdaşlıq üçün imkanlar genişdir. Nazir Şahin Mustafayev Çexiya nümayəndə heyətinin Azərbaycana bu səfərinin də əlaqələrin inkişafına müsbət töhfə verəcəyinə əminliyini bildirib.

Çexiya Respublikasının sənaye və ticarət naziri Yan Mladek Azərbaycana səfərindən və ölkəmizlə əlaqələrin inkişafdan məmnunluğunu ifadə edib. Çexiyanın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu qeyd edən Yan Mladek iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq imkanları, çex şirkətlərinin Azərbaycanda qeyri-neft sektorunun müxtəlif sahələrində fəaliyyət göstərməkdə maraqlı olduqlarını diqqətə çatdırıb.
Mürtəza
Gununsesi.info