Sabah Bakının bu küçə və prospektləri bağlı olacaq

  • By admin
  • 19 Yanvar 2021 14:25

20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı sabah paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.

Gununsesi.info xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədovun verdiyi məlumata görə, yanvarın 20-də səhər saatlarından mərasim başa çatanadək Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq: “Bununla əlaqədar olaraq, Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni, Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti – Şəhidlər xiyabanı istiqamətinə, Şövqiyar Abdullayev küçəsinin Parlament prospekti ilə kəsişməsindən bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq”.

Vaqif Əsədov sürücülərə bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etmələrini, ictimai nəqliyyata üstünlük verilmələrini tövsiyə edib: “Həmçinin Şəhidlər Xiyabanı ziyarət edəcək şəxslər Parlament prospekti ilə hərəkət edəcək. Sosial məsafə gözlənilməklə ziyarətçilər 5 nəfərlik qruplar halında parlament prospektinə buraxılacaqlar”.

Gununsesi.info