
İyulun 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Fransız-Azərbaycan Universitetinə (UFAZ) ilk dəfə qəbul imtahanı keçiriləcək.
Gununsesi.info xəbər verir ki, qeydiyyatdan keçmiş abituriyentlər iyulun 27-də saat 9.00-da ADNSU-nun əsas tədris binasında olmalıdırlar. Saat 10.00-da başlayacaq və iki saat davam edəcək imtahanda abituriyentlər tədris dillərinə uyğun (Azərbaycan və ya rus) riyaziyyat, kimya, fizika və ümumi biliklər bloku üzrə hər birindən on test sualını cavablandırmalı və ingilis dilində hər biri beş sətirdən az olmayan iki esse yazmalıdırlar. Test sualına verilən hər bir düzgün cavab iki balla, hər bir esse maksimum on balla qiymətləndiriləcək. Test bölməsində iki yanlış cavab bir düz cavabı ləğv edir. UFAZ müsabiqəsindən keçməyən abituriyentlər heç bir məhdudiyyət olmadan ADNSU və digər ali məktəblər üzrə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən elan edilmiş müsabiqədə iştirak edə bilərlər.
2016-cı ildən başlayaraq ADNSU ilə Fransanın Strasburq Universiteti tərəfindən birgə aparılacaq tədris geofizika mühəndisliyi, kimya mühəndisliyi, kompyuter elmləri, neft-qaz mühəndisliyi ixtisasları üzrə həyata keçiriləcək. 2016/2017-ci tədris ili üçün UFAZ-da hər bir ixtisas üzrə 30 dövlət sifarişli və on ödənişli əsaslarla, ümumilikdə 160 tələbənin təhsil alması nəzərdə tutulur.
Tədris Fransa proqramları əsasında aparılacaq və UFAZ məzunları iki diplom (Strasburq Universiteti və ADNSU) alacaqlar.
Gununsesi.info