SABAH Karyera Qış Məktəbində təlimlər başa çatıb - FOTO

  • By admin
  • 20 Fevral 2017 13:03

sabah
SABAH Karyera Akademiyası proqramı çərçivəsində Qubada keçirilən SABAH Karyera Qış Məktəbi layihəsi başa çatıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, layihənin həyata keçirilməsində məqsəd sonuncu kursda təhsil alan SABAH tələbələrinə uğurlu karyera başlanğıcı üçün lazım olan bacarıqları aşılamaqdır.

100-ə yaxın tələbənin iştirak etdiyi təlimlərdə iştirakçılar şəxsi brendin yaradılması və onu inkişaf etdirməyin yolları, vaxtın düzgün qiymətləndirilməsi, karyera planlaşdırılması, CV və rezume yazılışı, müsahibə, təqdimat bacarıqları və s. mövzular üzrə məlumatlar əldə ediblər. Təlimlərdə iş həyatına yeni başlamağa hazırlaşan gənclərə biznes plan, müasir bazarın tələbləri, tələb və təklifin qiymətləndirilməsi, uğurlu karyera əldə etmək üçün praktik vərdişlər aşılanıb, fərdin özünü tanıması, iş dünyasına hazırlanması və iş həyatında uğur əldə etməsi ilə bağlı istiqamətlər verilib. Həmçinin tələbələr “Code Da Vinci” məntiqi intellektual komanda quruculuğu oyunu əsasında yaradılmış, milli oyun brendi olan “Code Tusi” oyununda iştirak ediblər.

Maraqlı və gərgin keçən məntiqi intellektual oyunda cavabları ən tez tapan komandanın qaliblərinə “Code Tusi”nin medalları təqdim olunub.

İki gün davam edən təlimlərin sonunda təlimçilərə SABAH qrupları layihəsi tərəfindən təşəkkürnamələr, tələbələrə isə sertifikatlar verilib.

İlk SABAH məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə yaradılan SABAH Karyera Akademiyası peşəkar karyera, magistratura təhsili, sahibkarlıq, elmi araşdırma olmaqla 4 istiqaməti əhatə edir.

SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilində 7 ali təhsil müəssisəsində yaradılıb. SABAH layihəsinin əsas məqsədi ali təhsildə keyfiyyətin yüksəldilməsi, yeni və fərqli mühitin yaradılması, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsidir.

Hazırda SABAH qrupları 11 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 45 ixtisas və 2300-dən artıq tələbəni əhatə edir. Bu tədris ilində 740-dan artıq SABAH tələbəsi məzun olacaq.

Anar
Gununsesi.info