Dağlıq Qarabağ üzrə İşçi Qrupun Azərbaycan, Rusiya, Ermənistanın baş nazirlərinin müavinləri səviyyəsində yeni üçtərəfli iclası martın 1-də videogörüş formatında olacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə İşçi Qrupun üçüncü iclasının nəticəsinə görə Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk bildirib.
“Tərəflər 1 mart 2021-ci ildə İşçi Qrupun videokonfrans rejimində növbəti iclasını keçirməyi razılaşdırdı”, – o deyib.
Baş nazirin müavini bildirib ki, qrup Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin, Ermənistanın ba naziri Nikol Paşinyanın nəqliyyat və iqtisadi əlaqələr sahəsində razılaşmalarının reallaşdırılmasını müzakirə edib.
İclasda Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 9 noyabr 2020-ci il tarixli bəyanatının 9-cu bəndinin icrasından irəli gələn ortaq işin əsas istiqamətləri, habelə 11 yanvar 2021-ci il tarixli bəyanatın 2, 3, 4-cü bəndləri nəzərdən keçirilib. Tərəflər dəmir yolu, avtomobil yolu və əlaqələndirilmiş nəqliyyat üzrə ekspert alt qruplarının hesabatlarını, həmçinin təhlükəsizlik, sərhəd, gömrük, sanitariya, baytarlıq, fitosanitariya və digər nəzarət növləri də daxil olmaqla, nəqliyyatın təmin edilməsi məsələlərini müzakirə ediblər. / “Report”
Gununsesi.info