Sabah Türkiyə səfirliyində xatirə kitabı açılacaq - SƏFİR

  • By admin
  • 13 Dekabr 2016 15:33

ozoral

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Mətbuat Şurasında jurnalistlərlə görüşüb.

Gununsesi.info-nun xəbərinə görə, Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşovxatırladıb ki, bu il Türkiyə xalqının düşmənləri ölkədə bir neçə dəfə terror aktı törədiblər. O qeyd edib ki, Türkiyənin düşmənləri istəklərinə çata bilməyəcəklər: “Əminəm ki, terror aklarını törədənlər layiqli cəzalarını alacaqlar. Bu məsələdə Azərbaycan Türkiyənin yanındadır”.

MŞ sədri deyib ki, Azərbaycan jurnalistləri ənənəvi olaraq Türkiyənin Azərbaycana təyin olunan səfirləri ilə görüş keçirirlər.

Jurnalistlərlə görüşündən məmnun olduğunu bildirən səfir Erkan Özoral qeyd edib ki, iki ölkə arasında münasibətlər yüksək səviyyədədir: “Türkiyədə növbəti xoşagəlməz hadisə baş verib. Bildiyiniz kimi, Türkiyədə terror aktı törədilib. Bu terror aktında həlak olanlara Allahdan rəhmət, yaralananlara şəfa diləyirəm. Qardaş Azərbaycan bu teror aktını ən birinci pisləyən ölkələrdən olub. Biz hər zaman bir-birimizin yanındayıq. Türkiyə olaraq, hər zaman Azərbaycanın yanındayıq. Türkiyənin Azərbaycandakı səfiri kimi çalışmaqdan qürur hiss keçirirəm. Bizim qəlbimiz sizlərlə döyünür. İki ölkə arasında möhkəm iş birliyi mövcuddur”.

Diplomat deyib ki, Azərbaycanla Türkiyə arasında münasibətlər bundan sonra da inkişaf etdiriləcək.
Səfir son illər Azərbaycanın inkişaf etdiyini vurğulayıb: “Əvvəllər Azərbaycanda otellər az idi, hazırda xeyli otel tikilib. Bu da turizmin inkişafına imkan verir. Azərbaycan bir neçə beynəlxalq yarışlara ev sahibliyi edib”.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru, İctimai Televiziya və Radio Yayımı Şurasının sədri Cahangir Məmmədli də Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərdən danışıb. O bildirib ki, Azərbaycan Türkiyənin, Türkiyə də Azərbaycanın yanındadır.

Daha sonra tədbirdə iştirak edən jurnalistlər çıxış ediblər, səfirə suallar ünvanlayıblar.

Səfir Erkan Özoral jurnalistlərin sualını cavablandırarkan deyib ki, Türkiyə bu dəfə də böyük mübarizəyə başlayıb. Türkiyə terrorla, xüsusilə FETÖ, PKK ilə mübarizə aparır. Bu məsələdə Azərbaycan Türkiyəyə dəstək verir. Buna görə təşəkkürümüzü bildiririk.

O bildirib ki, Türkiyə bəzi hallarda terrorizmlə mübarizədə beynəlxalq arenadakı müttəfiqlərindən dəstək ala bilmir: “Bu da təəssüf doğurur. Hazırda terrorizmə dəstək verənlər sabah terrorun qurbanı olacaqlar. Terrorla mübarizə aparmaq lazımdır. “Mənə toxunmurlar” deyib, kənarda dayanmaq olmaz. Hər kəs terrorla mübarizə aparmalıdır”.

Diplomat bildirib ki, Türkiyədə baş verən sonuncu terror aktı ilə bağlı dekabrın 14-də Türkiyənın Bakıdakı səfirliyində xatirə dəftəri açılacaq.

Gununsesi.info