Sabahdan magistraturaya qəbul olanların qeydiyyatı başlayır

  • By admin
  • 12 İyul 2021 12:40

İyulun 13-dən ali təhsilin magistratura səviyyəsinə qəbul olan şəxslərin elektron qaydada ali təhsil müəssisələrinə qeydiyyatına başlanılır.

Gununsesi.info xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bunun üçün https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.

Qeydiyyat iyulun 22‑dək davam edəcək.

2021/2022-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına qəbul olmuş bakalavrlar isə AMEA-da qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün aşağıdakı sənədlər tələb olunur:

– Bakalavrın təhsilini başa vurduğunu təsdiqləyən sənəd (diplom və ya arayış);

– Şəxsiyyəti təsdiq edən sənədin surəti – iki nüsxə;

– Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında sənədin surəti – iki nüsxə;

– 3×4 sm ölçüdə rəngli fotoşəkil – dörd ədəd;

– Ödənişli əsaslarla qəbul olunanlar üçün təhsil haqqının ödənilməsi haqqında qəbzin surəti – iki nüsxə;

– Təhsil haqqından azad olmaq hüququna malik olanların müvafiq sənədlərinin (vəsiqələrinin) notarial təsdiqi.

Magistraturaya qəbul olmuş bakalavrların qeydiyyatı bu gündən etibarən iyulun 22-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək AMEA Rəyasət Heyəti aparatı Təhsil şöbəsinin Magistratura sektorunda aparılacaq.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

Gununsesi.info