Sabiq deputat Alim Qasımovun Üzeyir Mehdizadə ilə duetinə münasibət bildirib

  • Müəllif: Orxan
  • 21 Sentyabr 2026 12:42

Sabiq deputat, təhsil eksperti Etibar Əliyev Xalq artisti Alim Qasımovun müğənni və meyxanaçı Üzeyir Mehdizadə ilə duet ifa etməsinə görə tənqid olunmasına münasibət bildirib.

Gununsesi.info-nun xəbərinə görə, Etibar Əliyev bildirib ki, ötən əsrin 80-ci illərindən Alim Qasımovun pərəstişkarıdır və böyük sənətkarın etdiyi seçimləri doğru hesab edir:

“Mənə görə bu böyük sənətkar nə edirsə, düz edir. Onun susmağı da nəğmədir”.

Ekspert Üzeyir Mehdizadənin də istedadını inkar etmədiyini qeyd edib:

“Üzeyir bəstəkar, müğənni və meyxanaçıdır. Heç kim onun istedadını inkar etmir”.

Etibar Əliyev daha sonra sosial şəbəkələrdə musiqi əsərlərinə olan maraq göstəricilərini müqayisə edib.

Onun sözlərinə görə, Üzeyirin ifa etdiyi popurilərdən biri 25 milyon, Alim Qasımovun “Şahnaz təsnifi” isə 512 min dəfə izlənilib.

O, başqa bir nümunə kimi Damlanın popurilərindən birinin 50 milyon baxış toplamasını, Flora Kərimovanın “Eşqimə şahid zaman” mahnısının isə 302 min dəfə izlənilməsini göstərib.

“Flora Kərimova Damla ilə duet oxusa, nə baş verər?” – deyə Etibar Əliyev sual edib.

Onun fikrincə, bu mənzərə təsadüfi deyil:

“Reallıq öz-özünə yaranmır. Onun müəllifi cəmiyyətdir”.

Etibar Əliyev eyni tendensiyanın ədəbiyyat və poeziyada da müşahidə olunduğunu bildirib. O, detektiv və bayağı romanların ciddi və düşündürücü əsərlərdən daha çox oxunduğunu vurğulayıb.

Ekspert sosial şəbəkələrdə də oxşar vəziyyətin olduğunu qeyd edərək, fikrini rusiyalı şair, Nobel mükafatçısı İosif Brodskinin sözləri ilə əsaslandırıb.

O, Brodskinin müasir ədəbiyyatda “didaktik səs-küy”ün artması ilə bağlı fikirlərini xatırladıb.

Etibar Əliyev fikirlərinin sonunda Alim Qasımovun Üzeyir Mehdizadə ilə duetinin mümkün səbəbi barədə belə deyib:

“Alim Qasımovun niyyəti, bəlkə də, səs-küyü bir qədər yavaşıtmağa xidmət edir? Hər halda bunu özü yaxşı bilər!”.

Elmar

Gununsesi.info