Sabiq deputat Cahangir Hacıyevin üzünə durdu - 50 milyonun necə oğurlanmasının detalları açıqlandı

  • By admin
  • 07 Fevral 2017 13:58

Без-имени-1

Sabiq deputat, iş adamı, “Globus Plaza”nın sahibi, hazırda həbsdə olan və məhkəmə prosesi davam edən Dünyamin Xəlilov istintaqa ifadəsində yaxın dostu, Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin əleyhinə ifadə verib.

Gununsesi.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, D.Xəlilov C.Hacıyevin tapşırığı ilə aparılan bütün maliyyə əməliyyatlarının detallarını açıqlayıb. O bildirib ki, sabiq bankirlər 1978-ci ildən tanışdır: “2001-ci ildə Cahangir Hacıyevin təklifi ilə “General Construction” MMC-nin direktoru oldum. Həmin ildə də Beynəlxalq Banka xaricdən vəsait cəlb etmək üçün “Oceanstream İnc” şirkəti yaradıldı və 2003-cü ildən ora nəzarət mənə tapşırıldı. Cahangir Hacıyevin tapşırığı ilə layihələrin çoxunu bu şirkət vasitəsilə reallaşdırırdım. Hansı işlərin görüləcəyi barədə müzakirələrdə və qərarların veriməsində iştirak etmirdim.

Mənə bankın rəhbərliyində təmsil olunan Cahangir Hacıyev, Emil Mustafayev və Akif Əliyev tərəfindən konkret tapşırıqlar verilirdi. 2008-ci ildə Cahangir Hacıyev Rusiyada “Altufyevo” layihəsini həyata keçirilməsi üçün 3 milyon dollar pul lazım olduğunu, vəsaitin mənbəyinin isə “Səbail Mebel” ASC olduğunu dedi. Mənim bildiyimə görə, şirkətlərə külli miqdarda kreditlər yalnız bu 3 şəxsin tapşırığı ilə verilirdi. “Səbail Mebel”ə verilən kreditdən 9 milyon dollar “İnterprokonsaltinq” şirkətinə köçürüldü. Pulun köçürülməsində vasitəçi olan şirkətlər isə “Səbail Mebel”ə armatur göndərməli idilər, amma bu, sadəcə formal idi.

O puldan 6 milyon dollar Albaniya Neftayırma zavodu layihəsinə sərf edildi, qalan 3 milyondan isə xəbərim yoxdur. O pulun hara xərclənməsini “MBA-Moskva” bankının keçmiş müdiri Fuad Abdullayev deyə bilər. 2010-cu ildə “Səbail Mebel”ə verilən kreditləri yeni kreditlər hesabına bağlamaq qərarı verildi. Akif Əliyev mənə zəng edərək bunun üçün fiziki şəxslər göndərmək lazım olduğunu dedi. Mən də “İnter Tekstil” ASC-nin İdarə Heyətinin sədri Şakir Musayevə dedim ki, işçiləri banka göndərsin, onların adna kredit ayrılacaq, bank özü də həmin kreditləri bağlayacaq. “İnter Tekstil”ə nəzarət etmək Cahangir Hacıyev tərəfindən mənə tapşırılmışdı. Mart ayında bu şirkətin adına bank tərəfindən 6 milyon dollar kredit ayrıldı və bu pulla “Səbail Mebel”in krediti bağlandı. “İnter Tekstil”in borcları da yeni yaradılan digər hüquqi şəxslər və fiziki şəxslərə ayrılan kreditlər hesabına ödənildi. İnanılmış və etibarlı şəxslərin adına MMC-lər yaradıldı, həmin şirkətlərə direktorların məlumatı olmadan külli miqdarda kreditlər ayrıldı”.

Qeyd edək ki, ittihama görə, D.Xəlilov bu yolla Beynəlxalq Bank və “Aqrarkredit Bank”a 50 milyon dollar ziyan vurub.

Gununsesi.info