“Qəbələ rayonunun Mıxlıqovaq kəndinin sakini 17 yaşlı sakini, talassemiya xəstəsi Səməd Bayramovun səhhətində olan problemlərlə bağlı ötən yay yazmışdım. O zaman statusumdan sonra bir az hərəkətlilik oldu, Səmədi Bakıya dəvət etdilər, əməliyyata götürəcəklərinə söz verdilər. Üstündən 6-7 ay keçib, Səməd yenə də ağır vəziyyətdədir, ciddi tibbi müdaxiləyə ehtiyacı var”.
Gununsesi.info xəbər verir ki, bunu sabiq deputat Gültəkin Hacıbəyli öz “Facebook” səhifəsində yazıb.
O, qeyd edib ki, bir müddət öncə tanınmış yazar Zümrüd Yağmurla birlikdə B.Eyvazov adına Hematologiya və Qanköçürmə Elmi-Tədqiqat İnstitutunun Reanimasiya şöbəsində yatan Səmədə baş çəkiblər.
“Vəziyyəti çox pisdir. Əməliyyat olunmalı idi. Ancaq bunun üçün pul tələb olunduğunu, xeyirxah insanların yardımına ehtiyacı olduğunu söylədi. Səmədin dediyinə görə tibb müəssisəsində sadə sistemlərdən başqa ona heç bir yardım edilməyib.
Biz orada olanda Səmədin atası dərman almaq üçün aptekə getmişdi. Bunları həm də ona görə yazıram ki, ölkədə ağır xəstələrə dövlət qayğısından, talassemiya xəstələrinin dövlət hesabına müalicəsindən danışanların nə qədər qeyri-səmimi olduğunu biləsiniz…”-deyə, o, daha sonra qeyd edib.
Gununsesi.info