Sabiq deputatdan yol polisinə rüşvət ittihamı - GET 100 MANAT GƏTİR" (FOTO)

  • By admin
  • 16 İyun 2017 14:00

yol_polisi_065

Yasamal rayon DYP əməkdaşı tanınmış nasir, publisist Xeyrəddin Qocanın qızından rüşvət alıb.

Gununsesi.info azxeber.com-a istinadən xəbər verir ki, sabiq millət vəkili DYP əməkdaşlarının qeyri-qanuni hərəkətləri ilə bağlı Facebook-da status paylaşıb.

Onun sözlərinə görə, avtomobilin texniki pasportunu və qızının sürücülük vəsiqəsini əlindən alan DYP əməkdaşları “maşına həbs qoyulub, düş aşağı, maşını cərimə meydançasına aparmalıyıq” deyərək onu cəriməni ödəmək üçün Yasamal Polis İdarəsinə göndəriblər.

Şöbədə kapitan Emil Seyidov adlı polis əməkdaşı ona, “Get, cəriməni ödə, 100 manat da mənə ver, məhkəmədə işini həll edim” deyərək rüşvət alıb.

Tanınmış publisist hadisədən sonra Daxili İşlər Nazirliyinin, həmçinin Yasamal Rayon Polis İdarəsinin rəhbərliyi ilə əlaqə saxlamağa çalışsa da, bir nəticəsi olmayıb.

Məsələni Qaynarinfo-ya şərh edən nəqliyyat sahəsi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bunun hüquqi tərəflərindən söz açıb:

“Əgər gecikmiş cərimə varsa, yəni iki aydan çox gecikdirilibsə, cərimənin ödənilməsi üçün avtomobilin saxlanılması haqqında qərar çıxarılır. Cərimə ödənildikdən sonra isə hər şey avtomatik qaydada həll olunur. Burada heç bir saxlanılmadan, məhkəməyə göndərilmədən, vətəndaşın sürücülük hüququnun məhdudlaşdırılmasından söhbət gedə bilməz. “Ayının min oyunu var bir armudun üstündə” məsəli kimi bu prosedurların da hamısı cərimənin ödənilməsi üçündür”.

Ekspert, həmçinin vətəndaşların dövlət qulluqçularına heç bir şəkildə ödəmə etməməli olduğunu qeyd edib:

Cərimələr də nağdsız formada banklarda, poçt şöbələrində, polis idarələrində quraşdırılmış ödəniş terminallarında, həmçinin mobil telefon vasitəsilə elektron kartının məlumatlarını daxil edərək də ödənilə bilər. Heç bir dövlət qulluqçusuna bir manat da olsun vermək olmaz. Çünki qanun buna yol vermir.

Məsələ ilə əlaqədar Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov ilə əlaqə saxladıq. Qurum rəsmisi məsələ ilə bağlı məlumatsız olduğunu və faktı dəqiqləşdirdikdən sonra açıqlama verəcəyini bildirdi.

Gununsesi.info