Sabiq deputatı DİN rəhbərinin qəbuluna buraxmırlar - NAZİM BƏYDƏMİRLİNİN ŞİKAYƏTİ VAR

Milli Məclisin sabiq deputatı Nazim Bəydəmirli uzun zamandır ki, cəhd etməsinə baxmayaraq, daxili işlər naziri Vilayət Eyvazovla görüşə bilmir. Gununsesi.info-nun xəbərinə görə, sabiq deputat bu barədə narazılığını sosial şəbəkələrdə yazıb:

Hörmətli cənab nazir Vilayət Eyvazov! Mən dünən qəbula yazılmaq üçün vətəndaşlara verilmiş hüquqdan istifadə edib, nazirliyin saytından “elektron qəbula yazılmaq” menyusundan istifadə edib müraciət etmişəm. Mənə niyə zəng edib soruşurlar ki, hansı məsələ ilə bağlı nazirin qəbuluna yazılırsınız? Mənim şikayətlərim vaxtında araşdırılmış olsa idi niyə nazirdən qəbul istəyim ki?

İllərlə mütəşəkkil cinayətkar dəstəsinin mənə vurduğu milyonlarla ziyanın məsələsini mən necə həll etməliyəm?

Mənim kimi adamların, ümumiyyətlə aktiv siyasətlə məşğul olmayan 10, 100 minlərlə sahibkarların, şikayətləri süründürməçiliyə məruz qalan sadə vətəndaşların hakimiyyətə münasibəti, yumşaq dildə desəm “mənfiyə dəyişdiyini” kim daha çox stimullaşdırır? Müxalifətin təbliğatı, yoxsa hüquq-mühafizə, məhkəmə və dövlət orqanlarının şikayətlərə “baxma metodu”?

Gununsesi.info-ya açıqlamasında Nazim Bəydəmirli nazirlə görüş istəyinə zərurət yaradan məsələdən danışıb: “Avto Qarant” ASC -də 30% səhm sahibiyən 2004-cü ildən bu belədir. Bu günə qədər 1 qəpik belə dividend almamışam, müəssisənin əmlakı icarəyə verilir və ayda 30-35 min manat vəsait toplanır, bu vəsaitin 7-8 mini xəzinəyə mədaxil olunur, yerdə qalan hissəsi ASC-nin idarəçiliyini qanunsuz ələ keçirmiş mütəşəkkil cinayətkar dəstə tərəfindən mənimsənilir. Həm dövlətin vergisi ikili mühasibatlıqla mənimsənilir həm də mənə ziyan vurulur. Təxmini hesabatımıza görə bu günə təkcə mənə vurulmuş ziyan 2 milyon manatdan çoxdur. DİN-nin BMCMİ-nə verdiyim şikayət 5 aydan çoxdur ki, məni “yola verməklə” məşğuldurlar”.

 

Elmar

Gununsesi.info