Sabiq deputatın oğlu məhkəmə zalından azadlığa buraxıldı

  • By admin
  • 23 Avqust 2016 15:46

telman siyabov

Bakı Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Nataxtari” limonadlarının satışı ilə məşğul olan “EVE-S” MMC-də satış təmsilçisi vəzifəsində işləmiş Orxan Siyabovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Gununsesi.info xəbər verir ki, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, O.Siyabovun apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Belə ki, təqsirləndirilən şəxsə 5 il müddətinə azadlıqdan məhrum edilmə cəzası verilsə də, Cinayət Məcəlləsinin 70-ci maddəsi (Şərti məhkum etmə) tətbiq olunmaqla ona şərti cəza kəsilib. O.Siyabov məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, S.Orxan 1 noyabr 2013-cü il tarixdən 28 iyul 2014-cü il tarixinədək “Nataxtari” limonadlarının satışı ilə məşğul olan “EVE-S” MMC-də satış təmsilçisi vəzifəsində işləyib.

O.Siyabov MMC-nin 15 min 500 manat pulunu mənimsəməkdə təqsirli bilinib, daha sonra Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib. İstintaq və məhkəmə dövründə O.Siyabovun barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə O.Siyabov 5 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Xatırladaq ki, O.Siyabov Naxçıvan MR Ali Məclisinin sabiq deputatı Telman Siyabovun oğludur.

Gununsesi.info