
HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam briqadalarının oktyabrın 7-də İsrailə qarşı başlatdığı “Əqsa tufanı” adlı hücumlarından sonra münaqişədə həyatını itirənlərin sayı hər dəqiqə artır.
Rəsmi məlumatlara görə, İsrail və Fələstində minlərlə insan həyatını itirib, çoxlu sayda insan yaralanıb. Bir vaxtlar ABŞ-ın müdafiə naziri olmuş, daha sonra ölkəsinin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru kimi yüksək vəzifələrdə çalışan Leon Panetta Amerika mediasına danışıb.
Gununsesi.info bildirir ki, “Bloomberg”ə açıqlama verən Panetta İsrail ordusunun Qəzzada quru əməliyyatının mümkün ssenarilərinə diqqət çəkib.
“İsrailin quru əməliyyatında hər evə qarşı döyüşməsi lazım gələcək. Quru əməliyyatlarının təhlükələri var. Burada problem odur ki, Qəzzaya girəndə evdən-evə döyüşməli olacaqsan və sonda bunun üçün ağır bədəl ola bilər”, – deyə Panetta bildirib.
Sabiq kəşfiyyat rəhbəri qeyd edib ki, “Ancaq qarşı tərəfdən vəziyyətə baxdıqda İsrailin Qəzzada Həması əzmək lazım olduğuna dair bir qərar verdiyi aydın olur”.
İsrailin mümkün quru əməliyyatı vəziyyətində hər iki tərəfdən də ciddi itkilər verə biləcəyi bildirilərkən, bu addımın Yaxın Şərqdə reaksiya dalğası yarada biləcəyi və “kövrək normallaşma” səylərinə zərər verə biləcəyi qeyd edilib. “Bloomberg”dəki xəbərdə İsrailin Qəzzaya mümkün quru hücumunun bölgədə daha böyük bir müharibəyə səbəb ola biləcəyi ifadə edilib.
“Bloomberg”ə danışan ABŞ rəsmisi həmçinin qeyd edib ki, İsrailin hazırkı hücumu 2004-cü ildə İraqın Fəllucə şəhərində baş verənləri xatırlada bilər. O da bildirilib ki, qonşu dövlətlər dəstək versə, Qəzzada müqavimət daha uzun sürə bilər.
İsrail Qəzzaya əsgər göndərmək qərarını hələ rəsmən açıqlamasa da, İsrailin baş naziri Benyamin Netanyahu çox sərt cavab veriləcəyini deyib. İsrailin qurudan, dənizdən və havadan hücumu planlaşdırılır. ABŞ mətbuatında çıxan xəbərlərdə Qəzzada iki milyon insanın yaşadığı bildirilərkən, ərazinin Vaşinqtondan iki dəfə böyük olduğu da xatırladılıb.
Gununsesi.info